“İran min illərdir türklərin farslarla birgəyaşayış coğrafiyasıdır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib. O qeyd edib ki, son min il ərzində Xomeyninin epizodik hakimiyyətini çıxmaq şərti ilə bu hövzədə hakimiyyət türklərə aid olsa da fars dili, mədəniyyəti və xalqın özgürlüyünə hər zaman olumlu yanaşmışdır:
“Türk idarəçilər farslara xəyanət etmədən birgəyaşayışın bütün təməl prinsiplərinə əməl etmişlər. Bu səbəbdən də fars dilində yazılmış minlərlə elmi və bədii əsərlərin müəllifi türklər olmuşlar. Bu türk xalqının farslara olan münasibəti, tolerantlığı və insanlıq münasibətidir. Qacarlardan sonra yenə də türk pəhləvilər ilk dəfə olaraq tarixə “İran dövləti“ adını yazdılar. Xomeyninin hakimiyyətə gəlişi ilə İran coğrafiyasında türklərə qarşı aqressiya, həbslər, edamlar və milli düşüncənin basdırılması şiddətlə artmağa başladı”.

V.Əfəndiyev vurğulayıb ki, eyni proses İndiki türk deyilən rəhbər Xamenei tərəfindən daha sərt və açıq şəkildə aparılır:
“Azərbaycanın müstəqilliyini həzm etməyən İran şiə dövləti son 30 ildə Azərbaycana qarşı düşmən siyasətini gizlətmir. 44 günlük müharibə ərəfəsində və müharibəyə qədərki dövrlərdə İranın Ermənistana bizə qarşı işlətmək üçün külli miqdarda silah-sursat və digər texniki ləvazimatlar verməsi barədə sübutlar danılmaz faktlarla təsdiq olunub və bir daha təkrar olaraq təfsilatları deməyə lüzum görmürəm. Acınacaqlı olan hal bizim qonşu və dost olaraq görmək istədiyimiz İran islam Respublikası hakimiyyəti digər müsəlman sayılan türk xalqına qarşı soyqırım törətmiş və bu gün torpaqlarımızdan öz xoşuna çıxmaq istəməyən Ermənistana dəstək nümayiş etdirir”.
“Əlində olan din kartından istifadə edərək Azərbaycanda yaşayan şiə kəsimin rəğbətini qazanmağa çalışaraq, vətəndaşlarımızı tərəfinə çəkməyə çalışır. Təəssüf ki, bir çox hallarda buna nail olublar. Gəncə və Nardaran hadisələri durumun düşündüyümüzdən də ciddi olduğuna işarədir. İranın Azərbaycana qarşı xoş olmayan və daxili işlərimizə qarışacaq qədər həyasızlığının bir səbəbi var, o da güclənən Azərbaycandır. Azərbaycanın hər bir uğuru dünyada yalnız iki dövlət narahat edir. Bunlar İran və Ermənistandır. Prezident İlham Əliyevin xarici siyasətdə göstərdiyi performans bədxah qonşularımızın yuxusunu ərşə çəkib. Azərbaycanın xarici siyasəti güclüdür və millətimiz məqsədlərinə çatacaq. Hesab edirəm ki, Avropa İttifaqı, ABŞ və Türkiyə ilə münasibətlərimiz doğru istiqamətdə inkişaf edir və bu əlaqələri daha gücləndirməliyik”.
Aynurə Pənahqızı Demokrat.az


