“Mətbuat cəmiyyətin aynasıdır” deyirdi ulu öndər Heydər Əliyev... Və daim mətbuatın izləyicisi, mətbuat səhifələrində işıqlandırılan problemləri nəzarətə götürən, həlli ilə bağlı dərhal göstəriş verən lider olaraq xatırlanmaqdadır. Azərbaycanda söz və məlumat azadlığının, plüralizmin və medianın iqtisadi müstəqilliyin əsasını məhz ulu öndər Heydər Əliyev qoyub.
1993-cü ildə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev bütün sahələrdə olduğu kimi, mətbuatın da inkişafı istiqamətində mühüm addımlar atdı. Həmin vaxt hələ də senzura qalmış və bu, söz azadlığının önündə əsas əngəl idi. 1998-ci ilin 6 avqustunda ümumilli lider senzuranın ləğv edilməsi ilə bağlı sərəncam imzaladı. Bu, mətbuatımızın önündə yeni səhifənin açılması, peşəkar fəaliyyətin stimullaşdırılması və ulu öndərin də dediyi kimi, “mətbuatın cəmiyyətin aynası”na çevrilməsi dövrünün başlanğıcı idi. 1999-cu ildə “Kütləvi İnformasiya Vasitələri haqqında” Qanunun qəbulu ilə mətbuatın fəaliyyəti qanunvericiliklə də dəstəkləndi. 
Ulu öndərin dəstəyi nəticəsində milli mətbuatımızın peşəkar fəaliyyətinin təməlləri atıldı. Bu siyasəti davam etdirən Prezident İlham Əliyev isə medianın inkişafını yeni mərhələyə daşıdı.
Azərbaycan mediası artıq informasiya müharibəsinin aparıcı oyunçusuna çevrilib. Milli mətbuatımız beynəlxalq platformalarda uğurla təmsil olunur və bütün bunlarla yanaşı, ölkə mediasında yayımlanan informasiya təkcə Azərbaycan ictimai rəyinə yox, beynəlxalq ictimai rəyə də təsir edir.
Bu, Prezident İlham Əliyevin mediamızın inkişafına verdiyi dəstəyin ifadəsidir.
Dövlət başçısının 2005-ci il sərəncamları ilə milli mətbuatda yubileylərin keçirilməsinə start verildi. Bununla mətbuatın tarixi ənənələrinin qorunması, Zərdabi irsinin davam etdirilməsinin təməli atıldı. Prezident İlham Əliyev “Əməkdar jurnalist” adını bərpa etdi, “Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında”, “Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında”, “Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında” sərəncamlar imzalandı. Bu, jurnalistlərin əməyinə qiymətin dövlət səviyyəsində verilməsi, o cümlədən, KİV-ə birdəfəlik maliyyə yardımlarının göstərilməsini özündə ehtiva edirdi.
Beləliklə, həm fərdi jurnalistlərin, həm də redaksiyaların maddi-texniki imkanları genişləndirildi. Jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar da mühüm addımlar sırasındadır.
44 günlük Vətən müharibəsi Azərbaycan mediasının da fəaliyyətində dönüş nöqtəsi oldu. Bu dönüşün müəllifi də Prezident İlham Əliyev idi. 

Mediamızın bu qədər peşəkar fəaliyyəti Heydər Əliyevin qoyduğu təməlin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, xüsusilə 2019-cu ilin sonlarından start verilən islahatların bəhrəsi idi. 
Son ilyarım ərzində görülən işləri bir neçə kateqoriya üzrə bölmək olar və bu addımlar təkcə media subyektlərini deyil, birbaşa jurnalistlərin özlərini də əhatə edir. 
Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli Qərarı ilə qəzet, jurnal və onların istehsalı ilə bağlı kağız məhsullarının idxal və satışı ƏDV-dən azad edildi. Bu qərar redaksiyaların maliyyə imkanlarının artmasına, maddi-texniki bazanın güclənməsinə, jurnalistlərin daha yüksək əmək haqqı almasına imkan verir.
Veb-saytların reytinqinin və dəqiq oxucu sayının şəffaf müəyyənləşdirilməsi məqsədilə Azərbaycanın milli rəqəmsal media təhlili platforması olan “Metrix” layihəsi hazırlanaraq, istifadəyə verildi. Bu layihə İP uğrunda saxtakarlıq edilməsi hallarının qarşısını ciddi şəkildə alır və təbii ki, nəticədə peşəkar fəaliyyət ön plana çıxır. 
MEDİA ali təhsil müəssisələrində media mərkəzlərinin inkişafını və təhsil prosesində ənənəvi medianın rəqəmsal mediaya inteqrasiyasını da dəstəkləyir. Bu məqsədlə Bakı Dövlət Universiteti və Bakı Slavyan Universitetində 150-dən çox tələbənin iştirakı ilə görüş və mühazirələr təşkil edilib.
Jurnalistlərin mükafatlandırılması və peşəkarlığının artırılması məqsədilə il ərzində iki dəfə Fərdi jurnalist müsabiqəsi keçirilir. Bu müsabiqələrdə şəffaflıq və obyektivlik iştirakçıların özləri tərəfindən dilə gətirilir. 
Atılan addımlar, görülən işlər, həyata keçirilən layihələrin müsbət dinamikası aydın müşahidə olunur.Cəmiyyətin informasiya təminatında operativlik və keyfiyyət yüksəlib, media və sosial şəbəkələrdə qaldırılan məsələlərə dövlət orqanları tərəfindən dərhal reaksiya verilir.Dövlətin həyata keçirdiyi siyasətin, qəbul olunmuş qərarların mahiyyətinin ictimaiyyətə çatdırılması və izah olunması işinin keyfiyyəti və çevikliyi kəskin dərəcədə yüksəlib. 
Media gündəmin mövzuları işıqlandırır, müzakirəyə çıxarır. Konstruktiv, qərəzsiz və obyektiv tənqid medianın ictimai nəzarət potensialının yüksəlməsinə şərait yaradır. Media fəaliyyəti sahəsində mövcud olmuş neqativ hallar aradan qaldırılır, şəffaflıq təmin olunur, “reket jurnalistikanın” əhatə dairəsi daralır. Bir çox saytların texniki problemləri aradan qaldırılıb, bəziləri tamam yeni tərtibata keçib, bir çox saytlar yeni rubrikalar yaradıb və ən əsası gündəlik 20 özəl material tələbini yerinə yetirmək artıq gündəlik işin adi normasına çevrilib.
“Copy-paste” hallarının əsaslı şəkildə azaldığı müşahidə edilir, Azərbaycan dilinin ədəbi üslubunun tələblərinə ciddi əməl edilməsi diqqət mərkəzindədir.
Dövlət yazılı medianın timsalında Azərbaycan dilinin inkişafına, ənənəvi publisistik düşüncənin yaşamasına və eyni zamanda cəmiyyətdə plüralizmin möhkəmlənərək sərhədlərinin genişlənməsinə dəstək göstərir.Dəstək göstərilən nəşrlərdə və onların eyniadlı veb-saytlarında əsaslı dəyişiklik, müasirləşmə özünü göstərir. Bir sıra qəzetlərimiz ənənəvi A3 formatını dəyişərək yeni tərtibatda B2 formata keçiblər, qəzetlərin əksəriyyəti artıq tam rəngli nəşr olunur. Əksər qəzetlərin saytları ya yenidən qurulub, ya da əsaslı şəkildə dəyişib. Yazılı medianın müasir simasının formalaşması yönümündə konseptual yanaşma gələcəyə hesablanıb, ona görə bu proses davamlı xarakter daşıyır. 
Bu siyahını daha da uzatmaq olar, lakin “görünən dağa nə bələdçi” misalı kimi, artıq hər şey göz önündədir. Azərbaycan mediası inkişafda olan, yenilənən və yüksək perspektivin olduğu mediaya çevrilib. Artıq səsimizi dünya eşidir...
Vasif Həsənli “Demokrat.az” xəbər portalının baş redaktoru


