Sumqayıt şəhərində 1984-cü il təvəllüdlü Nadir şəxsi münasibətlər zəminində Leylaya (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin mayın 11-də baş verib. Nadir yaşadığı evdə sərxoş vəziyyətdə arvadını döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
İstintaq orqanı tərəfindən Nadirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nadir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş şəxs onun həyat yoldaşıdır və onların birgə nikahlarından 3 aşyaşlı övladları var: “Mayın 11-də, gecə saat 01.00-da sərxoş halda yaşadığım evə gəldim. Bu zaman arvadım ilə mübahisə etdim. Əsəbləşərək onu qollarından tutaraq sıxdım və yumruqla qollarına vurdum”.
Təqsirləndirilən şəxs qeyd edib ki, sonradan polis əməkdaşları onu bölməyə dəvət edib: “Bu zaman məlum oldu ki, həyat yoldaşım məndən şikayət edib. Hazırda etdiyim əməldən peşmanam. Zərərçəkmiş şəxslə barışmışam”.
Nadir deyib ki, bundan başqa o, əvvəllərdə həyat yoldaşını döydüyünə görə barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi olub və barışıq əldə etdiyi üçün Sumqayıt şəhər Məhkəməsinin 25 iyul 2018-ci il tarixli qərarı ilə cinayət təqibinə xitam verilib.
Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Nadirin qazancından dövlət nəfinə 10 faiz məbləğdə pul tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.
Fariz Məlikli Demokrat.az


