Gündəm Özəl

Deputat: “Son illər vergi sahəsində olan şəffaflaşdırma siyasəti öz bəhrəsini verib”

Deputat: “Son illər vergi sahəsində olan şəffaflaşdırma siyasəti öz bəhrəsini verib”

İyulun 15-də prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirilib. Müşavirədə dövlətimizin son altı ayın xarici və daxili siyasət xətti müzakirə olunub.

Milli Məclisin deputatı Müşfiq Cəfərov Demokrat.az-a açıqlamasında bildirib ki, son bir ilin mənzərəsini təhlil edəndə ölkəmiz üçün uğurlu bir yol olduğu aydın görünür. Deputat vurğulyaıb ki, bir çox dünya ölkələri ilə çox mühüm görüşlər oldu və zəruri sazişlər imzalandı:

“Xüsusilə, dünyanın hegemon dövlətlərindən olan ABŞ prezidenti Cozef Baydenin Cənab Prezidentə iki dəfə məktub göndərməsi, məktubda daxili və xarici siyasətin yüksək qiymətləndirilməsi bir daha Azərbaycan dövlətinin düzgün siyasətindən xəbər verir. Həmçinin, əlamətdar hadisələrdən biri Avropa İttifaqı ilə bu günə kimi görünməmiş dərəcədə yaxınlaşma və siyasi motivlərin üst-üstə düşməsi də aiddir. Son bir ildə Azərbaycan xalqının rifahının yaxşılaşdırılması üçün sosial islahatlar keçirilib. Qaçınılması mümkün olmayan dünya böhranından ən az təsirlərlə çıxılması üçün mühüm sosial paketlər tətbiq olundu. Ölkə başçısının müşavirədə qeyd etdiyi əsas nüanslardan biri də bəzi ölkələrdən fərqli olaraq beynəlxalq borcumuzun minimum səviyyədə olmasıdır. Ölkə başçısı buna da aydınlıq gətirdi ki, hazırda heç bir yeni kreditdən istifadə edilmir. Pandemiyadan və müharibədən yenicə çıxmış bir dövlət olaraq bütün bərpa işlərini öz hesabımıza həyata keçiririk”.

“Bərpa işinin miqyası isə olduqca böyükdür. Nəzərə alsaq ki, Qarabağ demək olar ki, tamamilə viranəyə çevrilmişdi və hazırda dövlətimiz qürurlu şəkildə doğma torpaqlarını bərpa edir. Düşünürəm ki, Cənab Prezidentin qeyd etdiyi xarici investorların cəlb edilməsi məsələsi hazırda olduqca zəruridir. Lakin digər tərəfdən xaricdə yaşayan azərbaycanlı sahibkarların da Qarabağdakı quruculuq işlərinə cəlb olunması vacibdir. Fikrimcə, biz maksimum şərait yaratmalıyıq ki, bütün investorlar üçün cəlbedici olsun, gəlib Azərbaycanda sahibkarlıqla məşğul olsunlar. Son illər vergi sahəsində olan şəffaflaşdırma siyasəti də öz bəhrəsini verib. Zənnimcə, sahibkarlar bu şəffaflıqdan yararlana bilib, öz bizneslərini inkişaf etdirəcəklər”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az