Region Özəl

“Ermənistan radikal yolu seçir və regionun gələcəyi üçün çox təhlükəli ünsürləri formalaşdırır” — ŞƏRH

“Ermənistan radikal yolu seçir və regionun gələcəyi üçün çox təhlükəli ünsürləri formalaşdırır” — ŞƏRH

“Ermənistan öz təxribatlarını davam etdirir və davamlı olaraq Kəlbəcərdəki mövqelərimiz Ermənistan tərəfindən atəşə tutulur”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov bildirib.

Politoloq vurğulayıb ki, Ermənistanın atəşkəs rejimini kobudcasına pozmaqda bir sıra səbəbləri vardır:

“İlk növbədə Azərbaycan sərhədlərdə möhkəmlənir, hərbi gücümüzü biz Azərbaycan - Ermənistan sərhədində müəyyənləşdiririk. Kəlbəcərdə açılan komanda hissəsi və silahlı qüvvələrimizin məhz Azərbaycan-Ermənistan sərhəddində mövqelənməsi Ermənistanda ciddi narahatlıq doğurur. Bu cılız addımlarla Azərbaycanı təxribata çəkməyə çalışırlar. Eyni zamanda, Ermənistan çalışır ki, atəş nöqtələri susdurulsun və Azərbaycan adekvat tədbirlər görsün. Bununla da, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının imkanlarından Ermənistan istifadə etsin. Bu təxribatlar Tovuz döyüşləri zamanı da, Vətən müharibəsi gedişində də, müharibədən sonra da baş vermişdir. Bu hiyləgər hərbi-siyasi gedişləri rəsmi Bakı yaxşı anlayır və dərindən təhlil edir. Ona görə də, Ermənistanın bu məkrli addımlarına və tələsinə təbii ki, Azərbaycan düşməyəcək”. Politoq əlavə edib ki, digər tərəfdən sərhədlərin müəyyənləşdirilməsi, nişanlanması istiqamətində fəaliyyət icra olunur:

“Rusiyanın vasitəçiliyi ilə ötən ilin noyabr ayında Azərbaycan və Ermənistan liderləri arasında keçirilmiş görüşdən sonra sərhədlərin delimitasiyası ilə bağlı anons edilmişdir, lakin bu proses icra olunmadı. Avropa İttifaqının vasitəçiliyi ilə isə may aylarında Brüsseldə keçirilmiş görüşlər məhsuldar oldu. Azərbaycanın və Ermənistanın baş nazir müavinləri sərhəddə görüşdükdən sonra Moskvada fiziki təmaslar həyata keçirildi. Lakin biz işin genişmiqyaslı xarakter almasını müşahidə etmirik. Ona görə də, sülhə təhdid törətmək, təhlükəsizliyə kölgə salmaq istiqamətində Ermənistan radikal yolu seçir. Bu da mənfi tendensiyadan xəbər verir, regionun gələcəyi üçün çox təhlükəli ünsürləri formalaşdırır, sülh prosesini yubadır. Təbii ki, Azərbaycan sərhədlərin delimitasiya və demarkasiya edilməsini, iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunmasının, sülh müqaviləsinin imzalanmasını tərəfdarıdır. Bu xüsusda 5 maddəlik təklif də Ermənistana təqdim olunmuşdur. Ermənistan bu təklifləri qəbul edərək, sonra 6 maddəlik öz baxışlarını irəli sürdü və Qarabağda yaşayan ermənilərin siyasi və hüquqi statusu ilə bağlı irəli sürülən məsələlərin mövcudluğu yenidən sülhə və sabitliyə, dinc yanaşı yaşamaq və xalqların rifahını təmin etməklə bağlı planların üzərinə Ermənistanın ucbatından xətt çəkildi”.

“Ona görə də, Ermənistan tərəfi Rusiya-Ukrayna fonunda gərginliyi Cənubi Qafqaza daşımaq məqsədləri də vardır. Eyni zamanda, Tovuz rayonu istiqamətində Rusiyanın yeni bazasının tikilməsi ilə bağlı ehtimallar da geniş yer alır və Ermənistan hər dəfə olduğu kimi Rusiyanın gücündən istifadə edərək öz məqsədlərinə çatmaq niyyəti güdür. Və Rusiyanın Ermənistanı xilas etməsinə baxmayaraq hələ də Ermənistanda çoxsaylı siyasətçilər Rusiaynın günahlandırır, Rusiyanı ittiham edir, Rusiyadan maksimum siyasi dəstək almaq məqsədi güdürlər. Lakin Azərbaycan bütün baş verən prosesləri diqqətlə izləyir, milli maraq və mənafelərimiz çərçivəsində yekun həllinin tapılmasında maraqlıdır. Bu isə sülh müqaviləsinin imzalanması və təhlükəsizlik seqmentinin gücləndirilməsi yolundan keçir”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az