Bakıda bəraət alan dünya çempionu qətlə yetirən şəxs hakim qarşısında Kikboks üzrə tanınmış idmançı, dünya çempionu Zaur Yusifovu güllələyərək öldürməkdə təqsirləndirilən 2000-ci il təvəllüdlü Samir Şirəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Demokrat.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Daha sonra Samir Şirəliyevin vəkili məhkəmə prosesinin qapalı keçirilməsi barədə vəsatət qaldırıb. Vəkil vəsatətini Samir Şirəliyevin təhlükəsizliyinin təmin olunmasıyla əlaqələndirib. Vəkilin daha bir vəsatəti isə müvəkkilinə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsilə verilən ittihamın həmin məcəllənin 120.1 maddəsinə tövsif edilməsi haqda olub. Vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində xüsusi amansızlıq, yaxud ümumi təhlükəli üsul olmayıb. Məhkəmə prosesinin qapalı keçirilməsi barədə vəsatət təmin olunmayıb. Hakimlər bildirib ki, qanunvericilikdə hansı hallarda məhkəmənin qapalı keçirilməsi məsələsi müəyyənləşdirilib.
Məsələn, araşdırılan işdə kommersiya, ailə, dövlət sirri olduğu hallarda məhkəmə prosesi qapalı keçirilə bilər. Bu işdə isə həmin halların heç biri yoxdur. Digər vəsatət isə baxılmamış saxlanılıb. Hakimlər bildirib ki, təqsirləndirilən şəxsin əməlində hansı maddənin tərkibi olması məhkəmə araşdırmalarından sonra məlum olacaq. Növbəti proses iyulun 28-də davam edəcək. İttihama görə, 14 mart 2022-ci ildə, saat 23 radələrində Binəqədi rayonu, İsrafil Həşimov küçəsində yerləşən “Qardaşlar” marketin içərisində 1984-cü il təvəllüdlü Yusifov Zaur Əli oğlu odlu silahdan açılan atəş nəticəsində öldürülüb. İlkin istintaqla Şirəliyev Samir Fərhad oğlunun 2019-cu ildə qətlə yetirilmiş xalası oğlu “Emin 444” ləqəbli Emin Səfərovun öldürülməsində şübhələndiyi Zaur Yusifovu qisas almaq məqsədilə odlu silahdan bir neçə dəfə atəş açaraq qəsdən öldürməsi müəyyən edilib. Toplanmış sübutlar əsasında Samir Şirəliyevə Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham elan edilib. Xatırladaq ki, Binəqədi rayonu ərazisində 1995-ci il təvəllüdlü Həsən Tağıyev 1988-ci il təvəllüdlü E.Səfərovu avtomobilində çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib. İstintaq zamanı Zaur Yusifov da tutulub. Kikboks üzrə dünya çempionu Zaur Yusifov Emin Səfərovun qətlini sifariş etməkdə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Həsən Tağıyev 18 il müddətinə azadlıqdan məhrum olunub. Zaur Yusifova isə qətldə iştirakı sübuta yetirilmədiyinə görə ona bəraət verilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Qətlə yetirilən Emin Səfərov kriminal aləmdə “Emin 444” kimi tanınıb. Samir Şirəliyevin öldürməkdə ittiham olunduğu Zaur Yusifovun özü də bir müddət əvvəl qətl hadisəsinə görə həbs olunmuşdu. O, Samir Şirəliyevin xalası oğludur və “Lotu Quli"nin yaxın adamı kimi tanınıb. Zaur Yusifovun ölümündən sonra Bakı Apelyasiya Məhkəməsi onun haqqında bəraət hökmünü ləğv edib. Lakin öldüyünə görə barəsindəki cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.
Fariz Məlikli Demokrat.az


