Koronavirusun "omikron" ştamının yeni mutasiyaları bütün dünyada yayılmağa davam edir, buna görə də ölkələr pandemiya ilə mübarizə üçün maska rejiminə qayıtmalıdırlar. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib. ÜST rəhbəri koronavirusla mübarizə tədbirlərinə qayıtmağa çağırıb.
İnfeksionist Vasif Əliyev Demokrat.az-a açıqlamasında bildirib ki, “omicron” ştamına yoluxma sayı artarsa, nəticə etibarilə xəstəxanaya yatış ehtiyacı da arta bilər. Həkimin sözlərinə görə, eyni zamanda ölüm halları artması istisna deyil:
“Təbii ki, bu baxımdan ÜST hər bir kəsi ehtiyatlı olmağa çağırır. Amma, Azərbaycanda hazırda vəziyyət stabildir. Düzdür, yoluxma sayı son həftələr artmağa doğru gedir. Maskalardan yenidən istifadə olunması Operativ Qərargah tərəfindən dəyərləndirilərək veriləcək bir qərardır. Ancaq hazırda maska tətbiqi ilə bağlı ciddi bir qərar qəbul olunmayıb. Bu, ölkəmizdə fərdi qərardır, yəni hər bir şəxs istədiyi zaman maskadan istifadə edə bilər. Təhlükənin olduğu müddətdə isə təbii ki, hər kəsin istifadə etməsi daha doğru olar, xüsusilə də qapalı məkanlarda. Bundan başqa, ara məsafənin gözlənilməsi, digər bütünn qaydalara əməl olunması hər bir şəxsin öz məsuliyyəti daxilində atılan addımdır”. İnfeksionist qeyd edib ki, xüsusilə son zamanlar yoluxma hallarının sayı artır və bu baxımdan hər bir kəs ehtiyatlı olmalıdır:
“Virusun geniş yayılmasının qarşısını almaq üçün birinci növbədə hər bir şəxs fərdi qayda-qanunlara riayət etməlidir. Əgər önümüzdəki günlərdə yoluxma sayı artarsa, bu vəziyyət Operativ Qəragah tərəfindən dəyərləndirilə bilər və növbəti qərarlar, məhdudiyyətlər atıla nbilər. Amma hazırda yoluxma sayında ciddi rəqəmlər olmadığına görə bu cür qərarların atılması real deyil. Təbii ki, qarşımızdakı günlərdə yoluxma artarsa, bəzi qərarların qəbul edilməsi gündəmə gələ bilər”.
Aynurə Pənahqızı Demokrat.az


