Gündəm Özəl

Anar Həsənov: “Ermənistanla delimitasiya və demarkasiya məsələləri zamanı ciddi mübahisələr olacaq”

Anar Həsənov: “Ermənistanla delimitasiya və demarkasiya məsələləri zamanı ciddi mübahisələr olacaq”

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan yaxın gələcəkdə Azərbaycanla sülh sazişi ilə bağlı substantiv danışıqların keçirilməsinə ümid etdiyini deyib. Ermənistan və Azərbaycan Baş nazirlərinin müavinləri səviyyəsində delimitasiya üzrə komissiyanın ilk görüşü keçirilib. Növbəti görüşlər Moskva və Brüsseldə baş tutmalıdır.

Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti, siyasi jurnalist Anar Həsənov Demokrat.az-a açıqlamasında bildirib ki, bu, sadəcə imitasiyadır:

“Əgər biz bu ikitərəfli görüşlərə, yaxud da Rusiyanın, Avropanın moderatorluğu ilə keçirilən görüşlərə Azərbaycan maraqları çərçivəsində baxarıqsa, bu, birmənalı şəkildə imitasiyadır. Çünki Ermənistan üçün “Dağlıq Qarabağ” deyilən ərazi vahidi var, Ermənistan üçün status məsələsi var. Və Ermənistan münaqişənin bitmədiyini bu günədək, bu dəqiqəyədək deyir. Belə olduğu təqdirdə, Azərbaycan və Ermənistan arasındakı danışıqlar mənim üçün imitasiyadır. Çünki Azərbaycanın bu problemə baxışı tamamilə fərqlənir. Və bu gün Azərbaycan da, Ermənistan da bu görüşləri keçirməklə, heç də növbəti silahlı toqquşmadan bir addım geriyə çəkilmir. Yəni, Azərbaycan-Ermənistan sərhəddində növbəti silahlı toqquşmaların baş verməsi labüddür, mümkündür. Və Armen Qriqoryanın xoş mesajları əslində bu müharibə yaxud da ki, lokal hərbi əməliyyat təhlükəsini sovuşdurmur. Çünki Armen Qriqoryan və yaxud da başqa birisi, Ermənistanın baş naziri Nikol Paşinyan da bir neçə gündən sonra bu fikirləri tamamilə təkzib edə biləcək mesajların müəllifi ola bilər. Ona görə, hesab edirəm ki, tərəflər arasında keçirilən bu görüşlər imitasiya xarakterlidir”.

“Hesab edirəm ki, hələlik Rusiya sülhməramlı qüvvələrin idarə etdiyi ərazilər Azərbaycan nəzarətinə o zaman keçəcək ki, həmin ərazilərdəki yaşayış məntəqələrində, azərbaycanlıların yaşadığı məntəqələrdə məcburi köçkünlər geri qaytarılacaq. Ancaq bu təqdirdə əgər biz Qarabağın relyefinə baxarıqsa, biz görərik ki, istər Xankəndi olsun, istər Əskəran olsun, istər Ağdərə olsun, istərsə də Xocavənd olsun bütün bu iri yaşayış məntəqələrinin həndəvərində sovet dövründə sırf azərbaycanlıların yaşadığı yaşayış məntəqələri var. Qarabağın relyefi elədir ki, ermənilərin yaşadığı yaşayış məntəqəsi də azərbaycanlıların yaşadığı məntəqə ilə qonşudur. Düşünürəm ki, hətta bununla bağlı çıxış eləmişəm ki, nə vaxt həmin ərazilərə azərbaycanlıların köçü başlayacaq ondan sonra Qarabağın bütün ərazilərində Azərbaycana inteqrasiya başlayacaq. Əks təqdirdə, bütün bu proseslər Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunmasına təsir etməyəcək”.

A.Həsənov vurğulayıb ki, delimitasiya və demarkasiya prosesi çox uzun sürən bir prosesdir:

“Bu gün elə Azərbaycanla Gürcüstan arasında delimitasiya və demarkasiya problemləri var. Azərbaycanla ancaq Rusiya arasında delimitasiya və demarkasiya prosesləri sona yetib. Dost-qardaş Gürcüstanla bu proses sona yetməyib. Yəni, Ermənistanla delimitasiya və demarkasiya məsələləri zamanı hər dərə, hər dağ, hər yüksəlik uğrunda orada ciddi mübahisələr olacaq. Bu mübahisələr də hətta silahlı toqquşmalara gətirib çıxaracaq. Ona görə də, bu ikitərəfli görüşlərin intensivliyi bizdə bir optimizm yaratmasın ki, Ermənistan tərəfi sülhə hazırdır. Ermənistan tərəfi sülhə hazır olmadığı ziddiyyətli, təkzibedici ismarıclarda özünü büruzə etdirir. Düşünürəm ki, Azərbaycan hazırda Qarabağın digər ərazilərini bərpa edir”.

Analitik əlavə edib ki, Azərbaycan sistemli Qarabağ siyasətini aparır:

“Azərbaycan iqtisadi və demoqrafik ekspansiya vasitəsilə Qarabağı inteqrasiya etmək istəyir. Demoqrafik və iqtisadi ekspansiyanın da kökündə azərbaycanlıların hazırda idarə etmədiyimiz Qarabağın kəndlərinə, yaşayış məntəqələrinə, qəsəbələrinə və Xocalıya köçü ilə mümkündür. Əks halda Avropada, Rusiyada bu məsələ də bizə maneədir. Sözsüz ki, Ukrayna-Rusiya münasibətlərinin nəticəsi də Qarabağda hadisələrin gedişatına çox ciddi təsir göstərə bilər”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az