“Ümumiyyətlə, yay vaxtları meşə yanğınları daha çox olur. Təbii ki, bu yanğınlara səbəb həm insan faktorudur, həm də təbii faktorlar. Əsas məqam ondan ibarətdir ki, meşə yanğınları nəzarətdən tez çıxır və böyük bir areala yayılır. Burada artıq insanların köçürülməsi, evaukasiya məsələsi və digərləri meydana çıxır və bu da ziyan verə biləcək əsas amillərdən biridir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib. Deputat qeyd edib ki, meşə yanğınları ekoloji baxımdan təhlükəsizliyə ciddi təhdid yaradır:
“Bu da insanlara təbii ki, birmənalı şəkildə təsir edir. Bunun niyə yaranma səbəblərini axtaranda əsas məqam ondan ibarətdir ki, bu, həm təbii yolla, həm də insanların məsuliyyətsizliyindən yaranır. Əsas məqam ondan ibarətdir ki, bunun baş verməməsi üçün yanğın təhlükəsizliyinə mütləq şəkildə diqqət yetirilməli və bununla bağlı müvafiq profilaktik tədbirlər keçirilməlidir. Buna cavabdeh təşkilatlar mütləq şəkildə bu profilaktikanı mütəmadi olaraq keçirməlidirlər.

Bir məsələni də qeyd etmək istərdim ki, həm insan faktoru, eyni zamanda şimşəyin çaxması, müxtəlif ərazilərdə vulkanlarla bağlı təbii ki, böyük arealda meteoroidlərin düşməsi ilə bağlı belə bir yanğınlar baş verir. Bunun əsas problemi məhz bütün balansın pozulmasıdır. Yəni, artıq ekoloji balans pozulur və bu da həm floraya, həm də faunaya təsir edən ən ciddi amillərdir. Buna görə də, bütün insanlarımızı istər piknik arzusu ilə çıxanlar, istər meşədə dincəlməyə gedənlər ilk növbədə təhlükəsizlik texnikasını mütləq şəkildə bilməlidirlər və buna mütləq riayət etməlidirlər. Yəni, dincəlməklə paralel olaraq unutmamalıdırlar ki, meşə bir sərvətdir. Bu yaşıllıqsız problemlər həddən artıq çox ola bilər. Buna görə də, mütləq bu məsələlərdə ciddi və tələbkar olmalıdırlar”.
“Paralel olaraq meşə strukturunun işçiləri də, cavabdeh təşkilatlar da reydlər keçirməli və insanları daha məsuliyyətli olmağa çağırmalıdırlar. Əks halda əvvəlcədən edilən hər hansı bir səhv böyük bir təhlükəyə gətirib çıxara bilir. Son vaxtlar istər Türkiyədə, istər digər dövlətlər də, istərsə də Azərbaycanda baş verən meşə yanğınlarının hansı fəsadların gətirdiyinin biz şahidi olduq. Buna görə də, düşünürəm ki, hər bir insan məsuliyyətini dərk etməli, eko balansın pozulmasında cavabdeh olmasını bir daha fikirləşməlidir”, - deyə millət vəkili sonda fikirlərini yekunlaşdırıb.
Aynurə Pənahqızı Demokrat.az


