“Məlumdur ki, inflyasiya nəticəsində qiymətlərin bahalaşması müşahidə olunur. Biz dəfələrlə bu inflyasiyanımn kökünün haradan yarandığını izah etmişik”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib. Deputat qeyd edib ki, biz çalışmalıyıq ki, daxildə bütün qida məhsullarının hamısı olmasa da, heç olmasa 90 faizə qədərini burada istehsal edib, bazara çıxardaq, hətta burada emal edək:
“Bazar qanununun əsas qanunlarından biri tələb, təklif və rəqabətdir. Əgər biz dövlət strukturlarına məcbur etsək ki, bunlara qarışsınlar, bu məsələyə məhdudiyyətlər yaratsınlar qorxuram ki, sonra da korrupsion sxemlər yaranacaq. İstehlak səbəti var, orada əsas ərzaq malları var, hansı ki, dövlət birmənalı ona nəzarət etməlidir. Amma, bayramqabağı qiymətlərin bu formada artması yenə tələb, təklif qanunun işləməsi deməkdir. Rəqabət tam şərait yarada bilmir ki, qiymətlər stabil qalsın, yaxud da artmasın. Mən bunu çıxış yolunu onda görürəm, hər dəfə demişəm 20 ildir eyni şeyi deyirəm. İnsanlar çalışıb regionlarda həyatyanı sahələrini əkib becərsinlər, heç olmasa özlərinin tələbatını ödəyə bilsələr, qismən də olsa bu istehlak bazarına təzyiqi azaldacaq və qiymətlərin artımının qabağını alacaq. Dövlət əlindən gələni edir. Qeyd etmək istəyirəm ki, kənd təsərrüfatına ayrılan vəsaitlər, subsidiyalar, köməklər və s. bəlkə də post-sovet məkanından heç bir ölkədə yoxdur. Bunu iqtisadçı-alim kimi deyirəm”.
Deputat qeyd edib ki, əgər insanlar öz həyətyanı sahələrində əkib-becərsələr, o zaman istehlak bazarlarına da bu qədər güc düşməyəcək:
“Mənim “CBC Azərbaycan” da verilişim var, ora mən uğurlu kiçik orta biznesmenləri dəvət edirəm. Onlar necə uğur qazanmaqları, necə ayağa qalxmaqları barədə danışırlar. Yəni, ölkəmizdə uğurlu biznesmenlər var. Eləsi var ayda 1500-2000, eləsi də var 20-25 min, eləsi də var ondan çox qazanır. Amma söhbət ondan gedir ki, sahibkarlığa dövlət fikir verir, amma onun artım sürəti məni şəxsən qane etmir. Hesab edirəm ki, vətəndaşlarımız həyətyanı sahələrini əkməyə-becərməyə başlasınlar, təbii qida ilə, kənd təsərrüfatı məhsulları ilə özləri-özlərini təmin etsinlər”.
Deputat jurnalistlərə çağırış edib: "Jurnalistləri Lənkərana dəvət edirəm, gəlsinlər, Lənkəranın timsalında görsünlər ki, orada necə şərait yaradılıb. Jurnalistlərə qəşəng qonaqlıq verim və göstərim ki, bizim reginonlarda, o cümlədən Lənkəranda nə işlər görülür. Necə təsərüffatlar var, necə onlar dolanırlar, necə inkişaf edirlər ".
Aynurə Pənahqızı Demokrat.az


