Laçın dəhlizinin yeni marşrutunun istifadəyə verilməsindən sonra Laçın şəhəri və Zabux kəndindən çıxaralacaq ermənilərin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə köçürülməsi planlaşdırılır. Verilən məlumata görə, Qarabağdakı separatçı-terrorçu rejim erməni əhalisini Şuşanın Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərinə yerləşdirməyi planlaşdırır. Bu isə növbəti dəfə Azərbaycana qarşı törədilən təxribatdır. Bəs, Azərbaycan tərəfi bu istiqamətdə hansı addımlar atmalıdır?
Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev Demokrat.az-a açıqlamasında bildirib ki, Rusiya tərəfi Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunmasında maraqlı deyil:
“Məlum 10 noyabr sazişinin imzalanmasından sonra bir gecədə Rusiya sülhməramlılarının tələm-tələsik Xankəndi və ətraf ərazilərə yerləşdirilməsi gələcəkdə probllemlər yaşanacağını isitisna etmirdi. Bu barədə Azərbaycan ekspertləri və politoloqlarının eyni fikirdə olduğu da sirr deyil. Ötən iki il ərzində Ermənistan tərəfi bütün imkanlarından yararlanmağa çalışaraq sazişin bəndlərinin yerinə yetirilməsni əngəlləməyə çalışıb. Çox təəssüf ki, Rusiya tərəfi də Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunmasında maraqlı olmadığını büruzə verir və bunu əməldə də göstərir”.
V.Əfəndi vurğulayıb ki, hazırda Laçın şəhərini yan keçməklə Xankəndi istiqamətinə çəkilən yol tamamlanmaq üzrədir:
“Ermənistan Laçın şəhəri və Zabux kəndində yerləşdirilən azsaylı erməni əsilli xarici ölkə vətəndaşlarını Qarabağ ərazisində yerləşdirilməsi üçün cəhdlər edir. Biz dəfələrlə bəyan etmişik ki, Qarabağa Rusiya imperiyası zamanı köçürülən erməniləri öz vətəndaşlarımız hesab edə bilərik, bir şərtlə ki, onlar Azərbaycan vətəndaşlığını qəbul etsinlər. İşğal dövründə Qarabağa döyüşməyə gələn erməni əsilli terrorçuların sonradan məskunlaşması o anlama gələ bilməz ki, biz onlara vətəndaşlıq verək. Onların arasında Sovetlər zamanında yaşamış ermənilər varsa, bu ayrı mövzudur. Onlar Azərbaycan hökumətinə vətəndaşlıq üçün müraciət etdikdən sonra onların harada məskunlaşa biləcəyini müəyyən edə bilərik. Hadisələr imzalanan sazişin əngəllənməsi istiqamətində davam edəcəyi təqdirdə, Azərbaycan pasport rejimini yoxlamaq üçün xüsusi əməliyyat keçirmək hüququna malikdir. Necə ki, BMT Təhlükəsizlik şurasının məlum 4 qətnaməsinin icrasının məsuliyyətini öz üzərimizə götürmük”.
Aynurə Pənahqızı Demokrat.az


