Xəbər verdiyimiz kimi, ötən gün Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirilib. Bəs, bu görüşün həm region, həm də Azərbaycan üçün hansı əhəmiyyyəti var?
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Demokrat.az-a açıqlamasında bildirib ki, bu görüş ard-arda zərbələr alan Rusiyanın çarəsiz cəhdləridir:
“Bu görüşə mən xüsusi əhəmiyyət verməyin tərəfdarı deyiləm. Sadəcə olaraq, siyasi-diplomatik izolyasiyada olan Rusiya üçün bu görüş bir növ özü üçün yeni pəncərə açmaq cəhdidir. Rusiya izolyasiyada, təcriddə olmadığını, yüksək dünya siyasətində qaldığını, öz rolunu oymağa davam etdiyini, Xəzər regionunda, xüsusən də dominant olduğunu bir daha dünyaya nümayiş etdirmək fürsəti kimi baxır. Təbii ki, bu sammitdən xüsusi hər hansı bir nəticə gözləmirəm. Sadəcə olaraq, Putin və Putin Rusiyası çox ağır ard-arda zərbələr alıb və öz imicini bərpa etmək istiqamətində çarəsiz cəhdlər edir. Bu sammitdə də o, çalışacaq ki, heç olmasa MDB mediasında, yaxud da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı mediasında, Avrasiya İqtisadi Birliyi mediasında öz dominantlığını qoruyub saxlasın və bunu dünyaya nümayiş etdirsin. Xüsusən də, son Peterburq forumunda Qazaxıstan liderinin publik şəkildə bütün dünyanın gözü qarşısında Putini təhqir etməsindən sonra onun buna xüsusi ehtiyacı var idi”.
Siyasətçi bu görüşdə Azərbaycan üçün hər hansı bir müsbət nəticələrin çıxacağını gözləmir:
“Mən Azərbaycan üçün Xəzər regionunda hazırda aktual olan məsələnin, Rusiyanın Trans-Xəzər kommunikasiyalarına qoyduğu gizli embarqonu götürməsini görmək istərdim. Bilirsiniz ki, illərdir ki, Avropa Mərkəzi Asiyanın enerji ehtiyatlarının, karbohidrogen ehtiyatlarının Xəzər və Azərbaycan üzərindən dünya bazarlarına nəqlini istəyir. Xatırlayırsınızsa, hətta, artıq çoxlarının unutduğu Nabucco proyekti var idi. İndi Rusiyaya qarşı iqtisadi sanksiyaların getdikcə kəskinləşdiyi bir vaxtda, Rusiya üzərində keçən yolların bağlandığı bir vaxtda, Xəzər, xüsusən də Cənubi Qafqaz regionu və burada da təbii ki, açar rolunu oynayan Azərbaycanın strateji önəmi çox artıbdır. Həm nəqliyyat-ticarət baxımından, həm enerji daşıyıcıları baxımından və enerji daşıyıcılarının nəqli baxımından,həm də enerji təhlükəsizliyi baxımından. Yəni, nəqliyyat-ticarət və enerji təhlükəsizliyi baxımından Azərbaycanın strateji önəmi artıb, təbii ki, Xəzər dənizi və Xəzər hövzəsi ilə birgə. Nəticə ancaq bizim üçün bu ola bilər, bir daha təkrar edirəm, Rusiyanın qoyduğu gizli embarqonu götürmək. Hələlik, Azərbaycan, eyni zamanda burada maraqlı olan böyük oyunçular nə ABŞ, nə Avropa Birliyi, nə Türkiyə, nə də Mərkəzi Asiyanın Qazaxıstan və Türkmənistan kimi ölkələri hələlik buna nail ola bilməyiblər. Mənə elə gəlir ki, bundan sonra bu ölkələr, xüsusən də, Türkiyə başda olmaqla Türk Dövlətləri Təşkilatı diqqəti Trans-Xəzər dəhlizinin açılmasına yönəltməlidir. Yəni, bizim hədəfimiz artıq Trans- Xəzər dəhlizinin açılması olmalıdır. Bu, Trans-Xəzər dəhlizinin bir qolu da elə Zəngəzur dəhlizidir”.
Aynurə Pənahqızı Demokrat.az


