“Son zamanlar İran kütləvi informasiya vasitələrində Azərbaycana qarşı təbliğatın artması gözlənilən idi”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Əlimusa İbrahimov deyib. Politoloq qeyd edib ki, bu dövlət məlum olduğu kimi, bizimlə münasibətdə heç zaman stabil olmayıb və tez-tez əleyhimizə çıxışları ilə müşahidə olunur:
“Amma, bu heç də Azərbaycanın İranla bağlı yeritdiyi siyasətdən qaynaqlanmır. Çünki Azərbaycan hökuməti həmişə digər qonşularına qarşı yeritdiyi dostluq və qardaşlıq siyasətini İranla münasibətdə də həyata keçirir. Sadəcə olaraq, Azərbaycanın regionda yeritdiyi müstəqil xarici siyasət İranın bəzi dairələrində qəbul edilə bilmir və Azərbaycanın artan nüfuzuna qarşı qısqanclıq müşahidə olunur”. 
Ə.İbrahimov əlavə edib ki, son illər Türkiyə-Azərbaycan yaxınlaşması İran tərəfindən təhdid kimi qiymətləndirilir:
“Bəzən təkcə Azərbaycanın apardığı müstəqil xarici siyasət deyil, eyni zamanda Türkiyənin regionda atdığı addımların əks-sədası Azərbaycanda eşidilir. Son aktivliyi də mən məhz bu amillə əlaqələndirərdim. Türkiyə-Səudiyyə Ərəbistanı və Türkiyə-İsrail yaxınlaşması İranı narahat edir. Suriya və İraqda Türkiyəyə qarşı birbaşa dayanmaqda çətinlik çəkən İran, düşünürəm ki, Azərbaycanda bu siyasəti həyata keçirmək istəyir. Hesab edirəm ki, bundan əvvəlki çıxışlarda olduğu kimi, İran Azərbaycan hökumətinin ciddi reaksiyasına rast gəlib geri oturacaq və öz təbliğat maşınlarına dayan işarəsi verəcək”.
Aynurə Pənahqızı Demokrat.az


