Gündəm Özəl

Deputat: “Ermənistanda yenidən savaşın başlamasını istəyirlər”

Deputat: “Ermənistanda yenidən savaşın başlamasını istəyirlər”

“Ermənistan Baş naziri Nikol Paşinyan dünən Azərbaycanın yeni savaşa hazırlaşdığını bildirdi. Fikrimcə, əslində bu, Ermənistan rəhbərliyinin arzusudur. Niyə belə düşündüyümə aydınlıq gətirməmişdən öncə onu deyim ki, Müzəffər Ali Baş Komandanımızın Silahlı Qüvvələr Günündə Şərqi Zəngəzura səfəri və orada yeni yaradılmış komando birliyinin yerləşdiyi hərbi hissənin açılışını etməsi onu göstərdi ki, Azərbaycan regionda dayanıqlı sülhün yaranması üçün əlindən nə gəlirsə edir. Yəni, sülh istənilən halda yaradılacaq”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib. Deputat qeyd edib ki, Ermənistan ya buna xoşluqla gedəcək, dövlət başçımızın göstərdiyi vaxt çərçivəsində, yəni uzağı bir ilə sülh anlaşması imzalayaraq bizə qarşı beynəlxalq normalara sığmayan və öz çəkisinə də qətiyyən uyğun gəlməyən torpaq iddiasına son qoyacaq, ya da buna məcbur ediləcək:

“Nikol Paşinyanın və onun komandasındakıların son açıqlamaları, onların bəzilərinin Xankəndinə qanunsuz səfərləri onu göstərir ki, az öncə vurğuladığım kimi Ermənistanda məhz ikinci varianta üstünlük verirlər. Yəni istəyirlər ki, regionda yenidən savaş başlasın. Ən azından etdikləri hərəkət və verdikləri açıqlamadan belə bir təsəvvür yaranır. Belədə sual yaranır ki, Ermənistan rəhbərliyi nəticənin necə olacağını əvvəlcədən bilə-bilə niyə qəsdən Azərbaycanla yenidən qarşıdurmaya getmək istəyir? Görünür, onlar sarmaşıq və bəzi göbələklər kimi başqa dövlətlərdə, ilk növbədə də Qərbdə daha yaxşı yaşadıqlarını və özlərini təsdiqləyə bildiklərini görüb gəlmə olduqları bu regionu tərk etmək istəyirlər. Buna əllərində bəhanə olsun deyə, ona görə də Azərbaycanla yeni savaşa cəhd edirlər”.

“Bunun məhz belə olduğunu tam əminliklə demək çətindir. Amma tam əminliklə onu deyə bilərik ki, haylar bu otuz ildə indi Ermənistan adlanan torpaqlarda dövlət yarada bilmədilər. Əsl dövlət xadimi standartlarına cavab verən lideləri də olmadı. Ümumiyyətlə, bir toplum kimi istedadlı olmalarına baxmayaraq Ermənistanda heç bir sahədə başqa ölkələrdəki soydaşlarının uğurlarını təkrar edəcək bir nəfər belə yetişmədi. Yəni, son 30 ildə nəinki dövlət adlandırıla biləcək nəsə yaratmadılar, həm də oturuşmuş xalq olmağı bacarmadılar. Görünür, bunu özləri də görür və bu gedişlər onlara yaxşı heç nə vəd etməyən regiondan çıxıb getmək istəyirlər”.

“Ancaq onların nə istəyib-istəmədiklərindən asılı olmayaraq Azərbaycan bu regionda hansı yolla olursa-olsun dayanıqlı sülh yaratmaq, Qarabağdakı haylara da bu ölkənin vətəndaşı olaraq normal yaşamaları üçün gərəkən şəraiti yaratmaq niyyətində və əzmindədir. Paşinyanın Laçının və Zabuxun Azərbaycana təhvil veriləcəyi haqda dediklərinə gəldikdə, bu, korrektlikdən uzaq bir açıqlamadır. Laçın və Zabux həmişə Azərbaycan torpağı olub, ikinci Qarabağ savaşında isə 300-dən artıq şəhər və kəndlərimiz kimi onların da işğalına son qoyulub. Paşinyanın adı keçən bu şəhər və kəndimizin gələcəyi haqda nəsə danışmağa heç bir yetkisi və haqqı yoxdur. Yaxşı olar ki, o, indi Ermənistan adlanan torpaqlara dönəcək azərbaycanlıların öz yurd yerlərində təhlükəsiz və azad yaşamaları üçün nələr etmək lazım gəldiyi haqda düşünsün, orada buna hazırlıqlar görülsün. Çünki bu, qaçılmaz və qarşısıalınmaz bir reallıqdır,”- deyə millət vəkili fikirlərini yekunlaşdırıb.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az