“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri sıradan bir səfər idi. Təbii ki, Azərbaycan bu səfərdən hər hansı bir dəyişiklik gözləmir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib. Politoloq qeyd edib ki, xarici siyasətdə Azərbaycanın öz kursu var:
“Ümumiyyətlə, Sergey Lavrovun səfəri sadəcə olaraq Rusiyanın Cənubi Qafqazda mövqelərin möhkəmləndirilməsinə hesablanmışdır. Həmçinin, Azərbaycan-Ermənistan münasibətlərində Moskvanın rolu müzakirə edildi. Bundan sonra Moskvanın tutacağı mövqe, Ermənistanla sərhədlərin delimitasiya və demarkasiyası prosesində, sülh prosesində Moskvanın dəstəyi müzakirə edilib. Xüsusilə də, Azərbaycan hökumətinin xarici siyasətində hər hansı bir dəyişiklik ediləcəyini də gözləmirəm. Çünki Azərbaycan hakimiyyəti Rusiya ilə sadəcə qonşuluq və tərəfdaşlıq münasibətləri saxlayır. Rusiyaya görə xüsusilə rusiyapərəst siyasət həyata keçirəcəyinə də gözləmirəm. Ümumiyyətlə, bu məsələlər istisnadır”.

Politoloq Lavrovun Türkiyə-Ermənistan-İran-Azərbaycan ölkələrinə səfəri barədə də fikirlərini bölüşüb:
“Ümumi götürdükdə, Lavrovun Türkiyə və İrana səfəri bu ölkələrlə iqtisadi-siyasi əlaqələri genişləndirmək və bununla da, Rusiyanın sanksiyalardan yayınmaq cəhdi nəzərdə tutula bilər. Əlbəttə ki, Azərbaycanla da siyasi-iqtisadi əlaqələri möhkəmləndirmək və qeyd etdiyim kimi, Təbii ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesində Rusiyanın vasitəçiliyini artırmaq kimi məsələlər nəzərdə tutulurdu. Qeyd edim ki, Azərbaycan öz xarici siyasətini heç vaxt Rusiya ilə koordinasiyalı qurmur, Rusiyanın diqtəsi ilə hərəkət etmir. Lavrovun bu səfəri ümumiyyətlə, Azərbaycanın xarici siyasətində hər hansı bir dəyişikliyə gətirib çıxarmayacaq”.
Aynurə Pənahqızı Demokrat.az


