Xəbər verdiyimiz kimi, iyunun 20-də Avropa Şurasının Venesiya Komissiyası “Media haqqında” Azərbaycan Respublikası Qanununa dair rəyini öz rəsmi veb-saytında yerləşdirmişdir. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən rəydə qeyd olunan məsələlərlə bağlı rəsmi mövqe yazılı şəkildə Venesiya Komissiyasına təqdim edilmiş və bu arqumentlərin bir qismi bu və ya digər formada yekun rəydə öz əksini tapmışdır.
Məsələyə münasibət bildirən Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli Demokrat.az-a açıqlamasında bildirib ki, Venesiya Komissiyasının rəyində anlaşılmaz hissələr çoxdur.
“Tutaq ki, Media Reyestrinə irad bildirirlər. Bu media reyestri dediyimiz məsələ media qanunvericiliyində çox açıq şəkildə, demokratik bir ruhda təsbit olunub. Onsuz da indiyə qədər bütün KİV-lərin uçotu, qeydiyyatı aparılırdı. Yəni, reyestr deyəndə burada söhbət hansısa çətin baryerlərdən, prosedurlardan getmir. İndiyə qədər də Azərbaycanda çap və onlayn medianın uçotu gedib. Televiziyalarda, radiolarda həmişə lisenziyalı olub, bu da dünyanın hər yerində belədir. İndi sadəcə olaraq əvvəllər Azərbaycanda uçot ayrı-ayrı qurumlar tərəfindən keçirilirdi. Məsələn, çap medianın uçotu aparılırdı Ədliyyə Nazirliyi tərəfindən, onlayn medianın uçotu aparılırdı Vergilər Nazirliyi tərəfindən, elektron media isə Milli Teleradio Şurası tərəfindən. İndi sadəcə bu obyektlər birləşdirilib. Yəni, Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi başqa qurumlar deyil, konkret olaraq Media Agentliyinin nəzdindən yaradılmış Media Reyestrində bu uçot aparılacaq. Qanunvericilikdə də çox açıq şəkildə göstərilib ki, çap mediası və onlayn media üçün hər hansı bir xüsusi prosedurlar yoxdur. Sadəcə fəaliyyət haqqında indiyə qədər necə idisə, bundan sonra fəaliyyətə başlamaq haqqında bildiriş veriləcək və o bildirişlər orada uçota götürüləcək. Yəni, belə deyək indiyə qədər olmuş prosedurlar, qaydalar saxlanılmaq şərtilə sadəcə reyestri aparan, uçotu aparan mənbələr birləşdirilib və olub bir mənbə. Bu da çox yaxşıdır“.
“Çünki bu imkan verəcək ki, ölkədə KİV qurumlarının sayı, statitikası, kəmiyyəti barədə ümumi şəkildə bir məlumat olsun. Bunlar adi qaydalardır və dünyanın hər yerində var. Hər yerdə hər hansı bir formada bir quruma həvalə olunur ki, orada KİV subyektlərinin kəmiyyəti, tirajı və s. barədə bir informasiya mənbəyi formalaşdırsın. Belə deyək ki, bizdə reyestr xidməti mahiyyət etibarilə statistik məlumatlar bazası rolunu oynayacaq. Burada etiraz etməli, irad bildirməli nə var ki? Bunu götürüb Avropa Şurasının Venesiya Komissiyası səviyyəsində bir irad bildirirlər. Bu baxımdan demirəm ki, burada xüsusi bir qərəz, problem var. Mən açığı deyim ki, bu, bir az anlaşılmaz görünür. Dediyim kimi, dünyanın hər yerində olan bir praktikadır, Azərbaycanda da tətbiq olunub. Yaxud da ki, digər məsələni deyim. Məsələn qeyd edirlər ki, layihənin müzakirəsi məhdud bir çevrədən aparılıb. Hansı məhdud çevrədən söhbət gedir? Mənə belə gəlir ki, Azərbaycan media ictimaiyyətini təmsil edən bütün sferalarla bu layihənin müzakirəsi aparılıb. Əvvəlcə qruplar şəklində, məsələn onlayn media təmsilçiləri, çap mediası təmsilçiləri ilə, jurnalist təşkilatları ilə, sonda isə parlamentdə müzakirəsi keçirilərkən bütün media sferası ora dəvət olunub və bu müzakirələr keçirilib. Burada “dar bir çərçivədə müzakirə olunub“ deyəndə nəyi nəzrədə tuturlar? Bu, nə anlama gəlir? Bu baxımdan biz bütün maddələr üzrə fikirlərimizi saya bilərik. Yumşaq desək, bu, bir qədər anlaşmaz görünür. Hesab edirəm ki, Azərbaycanın ayrı-ayrı media təmsilçiləri, media subyektləri ilə, o cümlədən Media Agentliyi, Mətbuat Şurası ilə Venesiya Komissiyası yaxud da ki, Avropa Şurasının digər strukturlarının təmasları davam etdirilməlidir. Bu məsələlərə aydınlıq gətirilməlidir ki, bu cür iradlar bildiriləndə nəyə əsaslanırlar? Hansı məsələ əsas götürülür? Hesab edirəm ki, belə də olacaq“.
M.Ələsgərli son 1-2 il ərzində Avropa strukturları ilə, o cümlədən ATƏT-lə, Avropa Şurası ilə onun ayrı-ayrı strukturlar ilə Azərbaycan media təmsilçilərinin təmaslar intensivləşdiyinin, gücləndiyinin yaxşı hal olduğunu vurğuladı:
“Bu yaxınlarda ATƏT-in media komissarı Bakıda oldu, burada KİV qurumları ilə təmasları oldu. Hesab edirəm ki, bu təmaslar daha da inkişaf etdiriləcək. Bu, özü yaxşı tendensiyadır ki, təmaslar inkişaf etdirilir. Hesab edirəm ki, ortada olan anlaşmazlıqlar da aradan qaldırılacaq. Burada hiss olunur ki, kimlərsə kənardan məsələni dramatikləşdirməyə çalışırlar, guya ciddi şəkildə fikir ayrılıqları olduğunu, guya ki, məsələlərin çox kritik həddə olduğunu demək istəyirlər. Amma bunlar kimlərinsə işinə yarayan bir şeylərdir. Hesab edirəm ki, burada o qədər kritik məsələ yoxdur. Belə deyək ki, hər şey dialoq, danışıqlar yolu ilə, müzakirə yolu ilə aparılmaqla, bu anlaşmazlıqlar da ortadan qaldırılacaq. Nəhayət ki, bizim “Media haqqında“ qanun normal bir qanunvericilik olduğunu, sadəcə təkmilləşdirilmiş olduğunu onların diqqətinə çatdırmaq və anlatmaq mümkün olacaq“.
Aynurə Pənahqızı Demokrat.az


