“Ermənistan uzunmüddətdir ki, beynəlxalq hüquq və norma prinsiplərini kobud şəkildə pozur”.
Bunu Demokrat.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib. Politoloq qeyd edib ki, bu proses həm Birinci Qarabağ müharibəsi dövründə, həm müharibədən sonrakı periodda, eləcə də İkinci Qarabağ müharibəsində baş vermişdir:
“Müşahidələr onu göstərir ki, hazırda Ermənistan informasiya müharibəsi sahəsində bir sıra manipulyasiyalar həyata keçirdir və dünya ictimaiyyətini çaşdırmaqla məşğuldur. Eyni zamanda, saxta təbliğat həyata keçirməklə regionda və siyasi nizamlanma prosesi ilə bağlı yanlış və saxta məlumatlar yaymaqda davam edir. Nəzərə almaq lazımdır ki, Birinci Qarabağ müharibəsində itkin düşən Azərbaycan vətəndaşları ilə bağlı məlumatları da Ermənistan Azərbaycana təqdim etməkdən imtina edir. Cari ilin fevral ayında Avropa İttifaqının sədrliyini həyata keçirən Fransa prezidenti Makron, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasıında onlayn formatda görüş keçirmişdir. Bu görüşün nəticəsinə uyğun olaraq Ermənistan kütləvi məzarlıqları və onların yerini Azərbaycan tərəfinə təqdim etmək haqqında üzərinə öhdəlik götürmüşdür. Lakin təəssüflər olsun ki, bu məsuliyyəti də Ermənistan dərk etməyərək üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırmaq yolunu tutdu”.

Politoloq qeyd edib ki, eyni zamanda Ermənistan beynəlxalq humanitar hüququ və Cenevrə Konvensiyasını, onun əlavə protokollarını da kobud sürətdə pozmuşdur:
“Hələ indiyə kimi Xocalı qətliamını törədən təşkilatçılar və onların icraatçıları azadlıqdadır. Və bu cinayətə görə heç kim məsuliyyətə cəlb olunmayıb. Digər tərəfdən, İkinci Qarabağ müharibəsi dövründə Gəncə, Bərdə və Tərtər terrorunu həyata keçirən şəxslər də azadlıqdadır. Bütün bunlar qəbul olunan bir yanaşma deyil. Beynəlxalq hüququn fundamental norma və prinsiplərinin əsasını təşkil edən çərçivədə Ermənistan rəsmiləri məsuliyyətə cəlb olunmalıdırlar. Bu istiqamətdə tribunal təşkil etmək əsas prioritet təşkil edir. Ermənistan beynəlxalq humanitar hüququ pozmaqla anti-humanist mövqeyini hər keçən gün daha da gücləndirir. Buna rəğmən Azərbaycan daima humaniz prinsiplərinə sadiq qaldığını nümayiş etdirmişdir. Üçtərəfli birgə bəyanat imzalanandan sonra Ağdam, Laçın, Kəlbəcər rayonları Azərbaycana təhvil verilməli idi. Lakin Ermənistanın Rusiyadan xahişi ilə nəzərdə tutulan qrafikdən də artıq müddətdə ərazilər azad olundu”.
“Biz bu gün görür ki, həmin dövrü Ermənistan əraziləri minalamağa sərf etmişdir. Azərbaycanlılara məxsus evləri yandırmış, mal-qaranı öldürmüş və talançılıqla məşğul olmuşlar. Bütün bunlar Ermənistanın xislətindən və mahiyyətindən xəbər verir. Lakin Azərbaycan hazırki siyasi diplomatik nizamlanma prosesində sərhədlərin delimitasiyası, Azərbaycanın ərazi bütövlüyünü tanınması, iqtisadi-nəqliyyat əlaqələrinin bərpa olunması, kommunikasiyaların açılması, yekun sülh müqaviləsinin imzalanması ilə bağlı təkidli tələblərini irəli sürür və bu istiqamətdə regionda gedən iqtisadi inteqrasiyanın üzərindən xətt çəkməklə, prosesi tormozlamaq niyyəti güdür,”- deyə politoloq fikirlərini yekunlaşdırıb.
Aynurə Pənahqızı Demokrat.az


