14 iyun ümumtəhsil məktəblərində “Son zəng” tədbiri qeyd olunur. 2021-2022-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 133 422 nəfər, XI siniflərini 91 188 nəfər şagird bitirir. IX sinfi bitirənlərdən 61 400 nəfəri qız, 72 022 nəfəri oğlan, XI sinfi bitirənlərdən 42 005 nəfəri qız, 49 183 nəfəri oğlandır. 2021-2022-ci tədris ilində 100 529 uşaq məktəbəhazırlıq qrupunu başa vurub.
Təhsil Nazirliyinin Ümumi və Məktəbəqədər Təhsilin təşkili və idarəolunması şöbəsinin müdir müavini Orxan Abbasov Demokrat.az-a bildirdi ki, cənab nazirin əmrinə əsasən, son zəng tədbirləri yalnız məktəb çərçivəsində qeyd olunur:
“Bu gün cənab nazirin müvafiq əmri ilə ümumtəhsil müəssisələrində son zəng keçirilir. Belə ki, bu il ümumilikdə 91 mindən çox şagird məzun olur. Bundan öncəki iki ildə pandemiya səbəbindən 2020-ci ildə ümumiyyətlə son zəng tədbiri keçirilməmişdi, virtual tədbirlər olmuşdu. Ötən ildə isə müəyyən məhdudiyyətlərlə keçirilmişdir. Bu il əmrə əsasən, tövsiyə olundu ki, son zəng tədbirləri açıq havada keçirilsin. Əgər məktəbin həyətyanı ərazisi olmazsa, bu zaman tədbir məktəbin akt və ya idman zalında keçirilsin. Bu gün əksər son zəng tədbirləri açıq havada keçirilib. Tövsiyə olunub ki, son zəng tədbirində şagirdlər, məktəbin pedaqoji kollektivi və valideyn şurası iştirak etsin. Cənab nazirin əmrində son zəng tədbirinin yalnız məktəbdə keçirilməsi qeyd olunub.”
Gülçin Qorxmaz Demokrat.az


