Həkimləri həyəcan təbili çalmağa vadar edən meymunçiçəyi virusunun sürətlə yayılmasıdır. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru ictimaiyyətə açıqlamasında 29 ölkədə 1000-dən çox yoluxma halının qeydə alındığını bildirib. Onun sözlərinə görə, virusun həssas əhali qrupu, xüsusilə uşaq və hamilə qadınlar arasında yayılma riski yüksəkdir. Braziliya və Yunanıstanda da yoluxma halı qeydə alınıb. Son günlərdə xüsusilə, uşaqlar arasında suçiçəyinin yayılması insanlarda narahatlığa səbəb olub. Çünki meymunçiçəyi virusunun əlamətləri bu xəstəliklə eynidir.
İnfeksionist Mədinə Abdullayeva Demokrat.az-a bildirdi ki, bir neçə virusda əlamətlər bənzərdir:
“Halsızlıq, yorğunluq, baş ağrısı, əzələ ağrısı- demək olar ki, bütün virus xəstəlikləri üçün xarakterik xüsusiyyətlərdir. Amma meymunçiçəyində bununla yanaşı limfadenopatiya olur. Yəni, limfa düyünlərində şişmə görünür. Amma suçiçəyində çox limfa düyünlərində şiş görünməz və töküntülər də bir-birinə çox bənzərdir. Meymunçiçəyinin töküntüləri bir qədər fərqlənir. 7-14 gün embukasiyon müddətindən sonra artıq simptomlar ortaya çıxır, 2-3 gün sonra isə artıq töküntü səpkilər meydana gəlir. İlk olaraq, makulyar səpkilər, sonra isə içərisi maye olan bezukilyar dediyimiz səpkilər əmələ gəlir.”
Ölkəmizdə hələ meymunçiçəyinə yoluxma faktı qeydə alınmayıb. Lakin öncədən tədbirli olmaqda fayda var. Xatırladaq ki, Səhiyyə Nazirliyi meymunçiçəyini müəyyən edən testlərin əldə edilməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına müraciət edib:

“Bu testlər, ümumiyyətlə, diaqnozun qoyulması üçün meymunçiçəyində olan səpkilərdən alınan yaxmalardan həm pensiyar analizi götürülə bilər, eyni zamanda seroloji tekniklərdən də istifadə oluna bilər. Ölkəyə hansı testlər alınacaq, dəqiq deyə bilmərik, amma bu iki üsuldan biri ilə asanlıqla diaqnozu qoyula biləcək.”
Həkimlərin fikrincə virusun epidemiyaya çevrilmə riski azdır:
“Bu xəstəlikdə ümumilikdə, 2-4 həftə öz-özündən yaxşılaşma olur, meymunçiçəyində isə ağırlaşmalara da səbəb ola bilər. Məsələn, pinevmaniya kimi ağciyər iltihabı və eyni zamanda, beyin iltihabı kimi ağırlaşmalara da səbəb ola bilir. Pandemiya baxımından çox riskli hesab olunmur, yəni yayılma sürəti daha zəifdir. Yoluxma üçün çox yaxın təmas olması gərəkdir. Qapanmalar gözlənilmir.”
Qeyd edək ki, xəstəliyin ilkin əlamətləri dəridə səpki, yüksək hərarət, baş ağrıları, yorğunluq və ürəkbulanmadır. Ölüm riski az olsa da erkən diaqnoz və müalicə əhəmiyyətlidir.
Gülçin Qorxmaz Demokrat.az


