Gündəm Özəl

Nigar Arpadarai: “Formula 1-in ən böyük faydalarından biri insan kapitalının yetişdirilməsidir”

Nigar Arpadarai: “Formula 1-in ən böyük faydalarından biri insan kapitalının yetişdirilməsidir”

“Formula 1 Azərbaycanın keçirdiyi ən böyük və ən önəmli idman layihələrindən biridir”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Nigar Arpadarai deyib. Deputat qeyd edib ki, Formula 1-in ölkəmiz üçün çox böyük faydası var:

“Formula1 -in ölkəmiz üçün faydasından danışarkən, mən bunu üç istiqamətdə şərh edərdim. Birinci iqtisadiyyata, turizm sahəsinə olan təsiri, ikinci insan kapitalına olan təsiri və üçüncü bu ölkənin tanıdılmasına olan təsiridir. Turizm sahəsinə təsirindən danışdığımız zaman onu qeyd etməliyik ki, Formula 1-i bütün dünya üzrə 500 milyon insan izləyir. Azərbaycanın hər Qran-prisini isə 90 milyona yaxın insan canlı yayımda görür. Yəni, bu, o deməkdir ki, bu Qran-pri ölkənin tanıdılmasında çox böyük əhəmiyyətə malikdir. F1 Azərbaycan qran prisinin faydasını dəyərləndirmək üçün PwC şirkəti dəvət olunmuşdu və onlar audit keçirmişdilər. İlk 4 Qran-prinin ölkəyə vurduğu fayda, birbaşa və dolayı gəlirlər 506 milyon dollara bərabər idi. Bu yarışın yerli şirkətlərə, yerli podratçılara da çox böyük faydası var”.

“Bütün bunlardan əlavə, bunun əgər media dəyərinə baxsaq, o zaman bu Qran-pri ölkənin tanıdılması baxımından da çox önəmli bir layihədir. Siz hesab edin ki, hansısa Azərbaycan haqqında reklam çarxını dünya kanallarında vermək istəsək onun qiyməti milyonlar olacaq. Adətən dünya kanallarında, ən önəmli mətbuat agentliklərində ölkə haqqında belə reklamın verilməsi çox baha olur. Ancaq Formula 1 sahəsində milyonlarla insan canlı yayımda Azərbaycanı, Bakımızı görür. Bu da təbii ki, həm ölkənin tanıdılması, həm də turistlərin cəlb olunması baxımından çox önəmlidir”.

N.Arpadarai vurğulayıb ki, Formula 1-in ən böyük faydalarından biri insan kapitalının yetişdirilməsidir:

“Formula 1-də çoxsaylı azərbaycanlı gənclər çalışır, bizim mütəxəssislərimiz çalışır ki, hazırda həmin mütəxəssislər gedib başqa ölkələrdə keçirilən böyük tədbirlərin təşkilinə (Dubai Expo, digər Qran-prilərdə və s) cəlb olunurlar. Yəni, bu, bizim komandamızın güclü komanda olmasının göstəricisidir. Təbii ki, burada könüllülər, marşallar da var. Siz statistikaya baxsanız, bu 6 Qran-pri ərzində 40 minə yaxın insan, gənc, könüllü olaraq qatılıb, onlar üçün bir çox təlimlər keçirilib. Bakı Şəhər Halqası Akademiyası var ki, orada gənclərlə ayrıca iş aparılır. Həm dil kursları, həm kommunikasiya bacarıqları, liderlik bacarıqları, çoxsaylı təlimlər, treninqlər keçirirlər. Ona görə, bunun insan kapitalının inkişafı baxımından böyük önəmi var”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az