Gündəm Özəl

Politoloq: “Əsas məsələ odur ki, tez bir zamanda delimitasiya və demarkasiya məsələsi həllini tapsın”

Politoloq: “Əsas məsələ odur ki, tez bir zamanda delimitasiya və demarkasiya məsələsi həllini tapsın”

“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iyunun 8-də Türkiyəyə səfəri, türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə aparılacaq danışıqlar sadəcə regional deyil, qlobal əhəmiyyətli məsələlərin nəzərdən keçirilməsi baxımından olduqca mühüm hadisədir”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib. Politoloq qeyd edib ki, görüş ərəfəsində Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığı da görüşün əhəmiyyətindən və ciddiliyindən xəbər verir:

“Nazirlərin müzakirə gündəliyi Ukrayna, Suriya, Liviya və Qarabağ nizamlanması, habelə Balkanlar, Əfqanıstan və Mərkəzi Asiyadakı vəziyyəti olmaqla olduqca genişdir. Düşünürəm ki, görüşdə ilkin olaraq Azov və Qara dənizlərdə təhlükəsiz naviqasiya, yəni dənizdə gəmilər üçün dəhlizlərin açılması və taxılın daşınması məsələləri müzakirə olunacaq. Bir faktı nəzərə alaq ki, mayın 21-də Türkiyə Vətənpərvərlər Partiyasının “Aydınlık” qəzeti mənbə göstərmədən 20-yə yaxın türk gəmisinin Ukraynanın Odessa limanından Ukrayna hakimiyyətinin mane olması səbəbindən çıxa bilməməsini yazmışdı. Baxmayaraq ki, limanda 21 türk gəmisi olub, onlardan yalnız 4-ü Türkiyə bayrağı altında üzüb, qalan 17 gəmi Türkiyə vətəndaşlarına məxsus olsa da başqa dövlətin bayrağından istifadə edib. Ukrayna hakimiyyəti dənizdə minaların olduğunu və digər təhlükəsizlik tədbirlərini əsas gətirərək gəmilərə limanı tərk etməyi qadağan etmiş, bununla da öz hesabına şəhərin basqınının qarşısını almaq istəyirdi. Rusiya dəhlizi açsa da gəmilərin çıxışında çətinliklər yaranmışdı. Daha sonra bu məsələ Ərdoğanın Böyük Britaniyanın baş naziri Boris Consonla telefon danışığı zamanı da müzakirə olundu və Ərdoğan bildirdi ki, Ankara Ukrayna limanlarından çıxarıla bilməyən taxılın qarşısının alınmasının yolunu tapmağa kömək edəcək”.

“Statistik rəqəmlərə nəzər yetirərkən ABŞ hakimiyyətinin məlumatına görə, Ukraynada təxminən 20 milyon tona yaxın taxıl yığılıb, BMT-nin Ümumdünya Ərzaq Proqramının nümayəndəsi isə 25 milyon ton haqqında məlumat verdi. Eyni zamanda, əhəmiyyətli miqdarda taxıl bloklanmış Qara dəniz limanlarında gəmilərdədir. Mayın 30-da Putin türkiyəli həmkarı Ərdoğanla danışıqlar apararkən Rusiyanın “türk tərəfdaşları ilə razılaşdırılaraq” taxıl ixracını asanlaşdırmağa hazır olduğunu bildirmişdi. Türkiyə öz növbəsində Ukrayna böhranının həllinə kömək etməyə, danışıqları asanlaşdırmağa hazır olduğunu dəfələrlə bəyan edib. Bir sözlə, görüşdə Ukrayna-Rusiya münasibətlərinin mövcud durumu üzərindən qlobal aktorların mövqeyi və beynəlxalq gündəliyin müzakirəsi əsas götürülməklə geniş spektrli məsələlər, həm də Qarabağ nizamlanması müzakirə predmeti olacaq”. Qarabağ nizamlanmasına gəldikdə isə politoloq hesab edir ki, mütləq hadisələrin, səfərlərin ardıcıllığını nəzərə alaraq bir faktı göz önündə saxlamaq vacibdir:

“Lavrovun səfərindən öncə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlunun dəvəti ilə Türkiyədə səfərdə idi. Düşünürəm ki, iki qardaş dövlətin nazirləri ikitərəfli olaraq Ermənistan-Azərbaycan, Qarabağ məsələsinin nizamlanması məsələsini Türkiyə-Ermənistan ikitərəfli münasibətlərinin normallaşması da paralel tutulmaqla üçtərəfli kontekstdə Azərbaycan və Türkiyənin mövqelərinin qəti olaraq eyni, ortaq olması prizmasından müzakirə olunacağı mesajını aydın olaraq bir daha verdi. Ermənistanın sərhəddə törətdiyi təxribatlar, mövqelərimizi atəşə tutması faktı sadəcə Azərbaycanın deyil, bilavasitə Türkiyə-Azərbaycan prizmasından elə Lavrovla olan görüşdə Ermənistanın nəzərinə çatdırılacaq. Əsas məsələ odur ki, tez bir zamanda delimitasiya və demarkasiya məsələsi həllini tapsın. Onu da nəzərə alaq ki, hal-hazırda türkmən qazının Azərbaycan və Türkiyə vasitəsilə nəqli də gündəlikdədir. Bu məsələnin Ceyhun Bayramovla Mövlud Çavuşoğlunun görüşündən əlavə, həm də Lavrov-Çavuşoğlu görüşünün müzakirə predmeti olacağını da istisna etmirəm”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az