Vəkil: “Sırf qazi olduğuna görə hər hansı cinayət məsuliyyətindən azad edilməsi mümkünsüzdür”
44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbə milli qürurumuzu özümüzə qaytardı, əyilmiş qamətimizi düzəltdi. Azərbaycanın gücü ordu quruculuğu bir daha dünyada nəyə qadir olduğumuzu sübut etdi. Şübhəsiz ki, bu tarixi nailiyyətə xalq-iqtidar birliyi nəticəsində nail olundu.Son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə dövlətin prioritet istiqamətlərindən biri kimi diqqət və qayğı yüksək səviyyədədir.
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Ancaq çox təəssüf ki, bu şəffaf, mənəvi duyğular və vicdanla bərkimiş bu münasibətlərdə bəzən saxtalığa da rast gəlirik. Şəhid ailəsi, qazi adından sui-istifadə halları dövlətinə, xalqına və ən başlıcası şəxsiyyətinə hörmət edən hər kəsdə ikrah hissi doğurur, “Vətən sevgisi” adına böyük bir ləkə vurur.
Son vaxtlar qazi və şəhid adından sui-istifadə edənlərlə bağlı məsələ artıq hər kəsi narahat etməyə başlayıb.

Mövzu ilə bağlı hərbi ekspert Elmar Hüseynov Demokrat.az saytına müsahibəsində bildirib ki, bu cür saxta əməllər özünü əməli düşüncəsi ilə vətəndaş hesab edən hər kəsi incidir:
“Xüsusilə də, şəhid analarını...Onlar deyir ki, bizim övladlarımızın canı, qanı toxunan hərbi geyimdə, hərbi libasda olan saxta fəaliyyətlər qəbuledilməzdir. İstər hərbi geyimdə avtoxuliqanlıq etmək, istər hərbi geyimdə dilənmə halları, qanunsuz şəkildə yaşayış məntəqələrini zəpt etmək, iki qruplaşmanın çəlikləri ilə bir-birini vurması - bütün bunlar utancvericidir. Xalqın 3 min şəhidinə o insanların hörməti budurmu?! Belə hallarla qarşılaşan vətəndaş onu lentə almadan yaxasından tutmalıdır, deməlidir ki, nə edirsən, əməlindən utanırsanmı?!”.
Elmar Hüseynov əlavə edib ki, müharibənin qaynar yerlərində ləyaqətlə, şərəflə xidmət edən əsgər, zabit, gizirlərin heç biri belə əməl sahibi deyil:
“İlkin təbliğat maşını var: ehtiyata buraxıldı, gəldi, sən ona düzgün istiqamət verdinsə, elə davam edəcək. Həqiqətən vətən üçün vuruşan əsgər, zabit heyəti var ki, mən onlarla ünsiyyətdə olduqca hərbi geyimdən çıxmaq istəmirəm, insanın ürəyi açılır. Çünki onlar Vətənə ləyaqətlə xidmət edir. Amma saxta qazilərlə mübarizədə medianın gücü çox təsirlidir və vacibdir. Elə medianın gücü ilə bu saxtakarlığı qabartmaq olar. Bəzən jurnalist məsələnin kökünü, dərinliyini araşdırmadan, “qaziyə haqsızlıq” adı altında şikayəti yayımlayır. Gərək milli maraqlar şəxsi məqsədlərdən öndə olsun. Təsəvvür edirsinizmi, bu görüntülər erməni mətbuatında yayımlananda hansı fikirləri doğurur? O saxta qazilərin övladları onlardan hansı örnəyi götürəcək? Nəsilin davamı onların bu əməlindən utanmayacaqmı?!”.
Hərbi ekspert təklif edib ki, qazilərin həqiqi və ya saxta olduğunu aydınlaşdırmaq üçün vahid baza sistemi yaradılmalıdır:
“Məsələn, qazilərin üzərində iki sənəd olmalıdır, şəxsiyyət vəsiqəsi, bir də mənsub olduğu qeyri-hökumət təşkilatının verdiyi vəsiqə. Bu vəsiqə bütün DİN-nin vahid bazasında əksini tapmalıdır. "N" saylı cəmiyyətin nümayəndələri bu vəsiqəni cibinə qoyaraq, bu nişanı sinəsinə vuraraq fəaliyyətdədir. Bu, mütləq dövlət səviyyəsində, qeyri-hökumət təşkilatı səviyyəsində qaldırılıb, bunun işinə xitam verilməlidir. Yəni, bunların yığıldığı yerlər dağıdılmalıdır. Hər bir əsgər, zabit haqqında onun komandirinin rəyi olmalıdır və bu rəy vahid sistemə, elektron portala əlavə olunmalıdır. Bu, həm yerli İcra orqanlarında, həm DİN-nin şöbələrində, həm Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində olmalıdır. Sabah hər hansı bir şəxs özünü "qazi" kimi təqdim edən zaman biz həmin vahid sistemdən onun haqqında olan rəyi öyrənə bilərik. Biz hər bir əsgərin necə döyüşdüyünü, harada olduğunu yaxşı bilirik. Biz həqiqətən döyüşənləri ortalıqda görmürük. Döyüşən əsgər və zabit heyəti, XTQ qalıb kənarda, ortalığa çıxanlar isə döyüşdə görünməyənlərdir. Amma təbii ki, elə qazilərimiz var ki, tədbirlərdə iştirak edirlər, gənclərlə görüşürlər, şəhid ailələrinin yanındadırlar, onların fəaliyyəti danılmazdır, qarşılarında baş əyirik. Bu barədə maarifləndirici video-çarxlar hazırlanmalıdır. Mərasimlərdə şəhidlərin adı qalır bir kənarda, başqa fəaliyyətlə məşğul olurlar. Artıq biz qara libasdan çıxmalıyıq, biz artıq müzəffər bir xalqıq. Dövlətin apardığı siyasət – Zəfər muzeyi, həyata keçirilən layihələr, hərbi texnikaların müasirləşməsi, təlimlər, XTQ-nin təlimləri və son olaraq “TEXNOFEST-2022”, bütün bunların hamısı hərbi potensialımızın gücləndirilməsi istiqamətində görülən işlərdir. Yəni, dövlət səviyyəsində bu işlər çox gözəl həyata keçirilir”.

Tanınmış vəkil Rəşad Əliyev isə Demokrat.az-a açıqlamasında deyib ki, hər kəs qanun qarşısında eyni məsuliyyət daşıyır:
“Qazi adından istifadə edib hər hansı bir cinayət əməlinə - dələduzluq, şantaja yol verirlərsə, bu halda həmin şəxslər törətdikləri əmələ müvafiq olaraq, cinayət məsuliyyətinə cəlb edilə bilərlər. Qanun qarşısında hər kəs bərabərdir, təbii ki, şəhidlərimizin ruhu bizim üçün çox əzizdir, toxunulmazdır. Həm I, həm də II Qarabağ müharibəsində döyüşüb, sağlamlığını itirmiş şəxslər bizim üçün əziz olsa da, qanun qarşısında hər kəs məsuliyyət daşımalıdır. Sırf qazi olduğuna görə hər hansı cinayət məsuliyyətindən azad edilməsi mümkünsüzdür. Təbii ki, onun müəyyən xidmətləri, sağlamlığındakı problemlər, cəza təyin edilərkən yüngülləşdirici hal kimi nəzərə alına bilər, amma qazi olsa belə, qanun qarşısında məsuliyyət daşıyır. Təbii ki, onun Vətən qarşısında, dövlət qarşısında xidmətləri danılmazdır, amma bu onların hər hansı cinayət əməli qarşılığında cəzasız qalmasına əsas vermir”.
Gülçin Qorxmaz Demokrat.az


