“Demokrat.az” ötən 6 ay müddətində Medianın İnkişafı Agentliyinin verdiyi dəstək nəticəsində saytlarda hansı inkişaf və dəyişikliklərin olması ilə bağlı media nümayəndələrinin fikirlərini öyrənib.
“Medianews.az” saytının baş redaktoru Xəyalə Rəis bildirib ki, agentliyin dəstəyi sayəsində sayt yeni dizaynla, çağdaş tələblərə cavab verən və təkmilləşmiş üslubda oxucularının qarşısına çıxıb:
“2012-ci ildən fəaliyyət göstərən “Medianews.az” saytı Azərbaycanda, eləcə də dünyanın müxtəlif ölkələrində ictimai və siyasi həyatda baş verən maraqlı hadisələri işıqlandırır. Saytda mədəniyyətə, ədəbiyyata dair məlumatlar, idman xəbərləri, Qarabağla bağlı Azərbaycanın haqlı mövqeyinin müdafiəsi, hərbi və siyasi, həmçinin şəhidlərin, qazilərin keçdiyi döyüş və həyat yolu, məşhur yazarların köşələri, müasir texnologiyalar və trendlərlə bağlı yazılar, maraqlı xəbərlər yer alır. Bu il Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə dəstək layihəsi üzrə müsabiqənin qalibi olduq. Qalib olduqdan sonra “Medianews.az” saytının dizaynı dəyişdi. Sayt yeni dizaynla, çağdaş tələblərə cavab verən və təkmilləşmiş üslubda oxucularının qarşısına çıxdı. Sayta yeni bölmələr və rubrikalar əlavə olundu. Bundan başqa, saytda əməkdaşlarımızın sayında artım oldu ki, bu da dərc olunan yazılarda və materialların keyfiyyətində özünü göstərib”. 
“Demokrat Media” MMC-nin direktoru Vasif Həsənli bildirib ki, “Demokrat.az” xəbər portalı artıq ikinci dəfədir Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) onlayn media subyektləri arasında keçirdiyi müsabiqənin qalib olub.
Onun sözlərinə görə, ötən 6 ayda “Demokrat.az”-ın imkan və resurslarının gücləndirilməsi istiqamətində mühüm işlər görülüb:
“Bu müddət ərzində “Demokrat.az” saytının redaksiyasının texniki təminatı gücləndirilib, yeni texniki avadanlıqlar alınıb, işçilərin sayı artırılıb, saytın sosial şəbəkə hesabları keyfiyyətcə daha da gücləndirilib, saytımızın tanıtımı üçün təqdimat kitabçası, posterlər və 3 videoçarx hazırlanıb, müxtəlif piar marketinq işləri həyata keçirilib.
Digər tərəfdən saytımızın beynəlxalq əlaqələrinin qurulması və müxtəlif ölkələrdə fəaliyyət göstərən nüfuzlu media qurumları ilə qarşılıqlı əmkdaşlığın yaradılması istiqamətində vacib razılaşmalar əldə olunub.Qarşıdakı aylarda “Demokrat.az” ilə sözügedən media orqanları arasında qarşılıqlı əməkdaşlığı özündə ehtiva edən sənədlərin imzalanması nəzərdə tutulub”.

Vasif Həsənli əlavə edib ki, MEDİA agentliyi Azərbaycanda sağlam media mühitinin formalaşması, media subyektlərinin daha da gücləndirilməsi və peşəkar jurnalistikanın inkişafı istiqamətində mühüm işlər görür.
“Sonxeber.az” saytlarının baş redaktoru Emil Əkbərov deyib ki, Medianın İnkişafı Agentliyi tərəfindən tətbiq olunan yanaşma mediaya dövlət dəstəyini şəffaf, cəmiyyət üçün açıq etməyə, korrupsiya risklərinin qarşının alınmasına, jurnalistlərin əmək hüquqlarının qorunmasına imkan verir:
“Qeyd edim ki, ötən 6 ay müddətində Medianın İnkişafı Agentliyinin “Sonxeber.az” saytına verdiyi maddi dəstək çox səmərəli oldu. İlk olaraq, onların verdiyi dəstək sayəsində jurnalistlərimizin sosial durumu daha da yaxşılaşdırıldı və əmək haqqlarında artımlar oldu. Agentliyin “Sonxeber.az” saytına verdiyi maddi dəstək texniki xarakterli məsələlərin həllində çox mühüm rol oynadı və redaksiya yeni kompüterlərlə təchiz olundu. Qeyd etmək lazımdır ki, MEDİA-nın maliyyə dəstəyi ilə yanaşı keçirdiyi çoxsaylı təlim və seminarlar jurnalistlərimizin peşəkarlaşmasında çox mühüm rol oynadı. Bu da “Sonxeber.az” saytı üçün yeni imkanlara yol açdı”.

“Yenicag.az” saytının baş redaktoru Aqil Ələsgər isə qeyd edib ki, həqiqətən, fəaliyyətə başlamasından qısa müddət keçməsinə baxmayaraq, MEDİA agentliyi ölkə mətbuatının, xüsusilə də, saytların inkişafı, müasir standartlara cavab verəcək səviyyəyə çatması üçün ardıcıl tədbirlər həyata keçirməkdədir:
“Eyni zamanda, MEDİA rəhbərliyinin bu istiqamətdə gördüyü işlərlə yanaşı, jurnalistlərə, ən əsası, mətbuatımızın tanınmış imzalarına diqqətlə yanaşması da çox müsbət məqam kimi vurğulanmalıdır.
Bildiyiniz kimi, saytlara dövlətin maliyyə dəstəyi ayırmasının zəruriliyi illər öncə gündəmə gətirilsə də, hamımızın bildiyi məlum səbəblər üzündən bu məsələ hər dəfə arxa plana keçirilirdi. Ancaq əlamətdar haldır ki, MEDİA bu məsələni də həll edərək, indiki asan olmayan şəraitdə saytların dövlətin maddi dəstəyi ilə təmin olunmasını gerçəkləşdirdi. MEDİA saytlara maliyyə ayrılması ilə əlaqədar artıq iki müsabiqə keçirib.
Bizim üçün çox əlamətdardır ki, “Yeni Çağ” hər iki dəfə müsabiqənin qalibləri sırasında olub. Onu da qeyd etməliyəm ki, MEDİA-dan ayrılan maliyyə yardımı ilk növbədə texniki xarakterli məsələlərin həllinə yönəlir. Konkret söyləsəm, saytın texniki bazasının yenilənməsi, saytın mobil tətbiqlərinin quraşdırılması, proqram təminatının təkmilləşdiriməsi, TV versiyasının effektivliliyinin artırılması, saytın daha etibarlı serverə keçirilməsi və başqa bu kimi texniki işlər məhz MEDİA-nın maliyyə dəstəyi sayəsində baş tutub.
Fikrimcə, qeyd etdiyim bu məqamlar MEDİA-dan maliyyə dəstəyi alan digər saytların çoxu üçün xarakterikdir. Çox arzuolunandır ki, medianın reklam bazarı tam olaraq təşəkkül tapana qədər MEDİA-nın saytlara maliyyə yardımı davam etdirilsin. Çünki mövcud durumda buna böyük ehtiyac var. İnanıram ki, bu zərurət nəzərə alınacaq”.

“Bakupost.az” saytının rəhbəri Elçin Zahiroğlu isə açıqlamasında qeyd edib ki, Medianın İnkişafı Agentliyinin verdiyi dəstək sayəsində “Bakupost.az” bir sıra yeniliklərə imza atıb:
“Son 6 ayda saytımızda çox əhəmiyyətli işlər oldu. Belə ki, Medianın İnkişafı Agentliyinin verdiyi maddi dəstək sayəsində bir çox problemlərimizi həll edə bildik. Bunlardan biri saytımızın mobil tətbiqini yaratmağımız oldu. Tətbiqimiz həm android, həm də “iOS” sistemi ilə işləyən telefonlar üçündür.
Bundan əlavə, saytımzın rus dilində olan versiyasını qurduq. Düzdür, hazırda rus dilində olan versiyası tam fəaliyyət göstərmir, amma texniki tərəfi ilə bir əməkdaşımız məşğul olmağa başlayır. Ümumiyyətlə, saytımızın dizaynı və texniki təhlükəsizliyin möhkəmləndirilməsi üçün işçimiz müəyyən işlər görür.
Həmçinin, “Bakupost.az”ın “Youtube” kanalının inkişaf etdirilməsi üçün studiyanın qurulması ilə bağlı müəyyən avandanlıqlarımızı almışıq və yəqin ki, növbəti aylarda bu proses tamamlanacaq. Bundan əlavə, biz əməkdaşlarımızın sayında da dəyişiklik etmişik. Medianın İnkişafı Agentliyinin dəstəyi bizə bu imkanları tanıyıb. Əlbəttə ki, başqa planlarımız da var və yəqin ki, onlar da yaxın gələcəkdə həll olunacaq və planlarımızı açıqlayacağıq.
Hesab edirəm ki, Medianın İnkişafı Agentliyinin bu dəstəyindən sonra, ümumiyyətlə saytların fəaliyyətində çox ciddi dəyişiliklər müşahidə olunmaqdadır. Saytların həm texniki tərəfdən möhkəmləndiyini, həm də dizaynlarının yaxşılaşdığını görürük. Həm də ki, əsas məsələ saytlarda özəl kontentin artdığını, materialların çoxluğunu hiss edirik. Özəl materiallar, açıqlamalar, reportajlar, müsahibələr olur ki, bu da mediada rəngarəngliyi getdikcə artırır. Hesab edirəm ki, bir müddətdən sonra biz bu dəyişilikləri daha çox hiss edəcəyik”. 
“Metbuat.az” saytının baş redaktoru Ramil Mirzəyev vurğulayıb ki, MEDİA agentliyinin fəaliyyəti nəticəsində mətbuatımız inkişaf mərhələsinə qədəm qoyub:
“Bu inkişaf özünü onlayn və çap mediamızın modernləşməsində, texniki imkanlarının artırmasında, rəqabətə davamlı media mühitinin formlaşmasında və ən əsası nüfuzunun artmasında biruzə verir. Reklam bazarı məhdud olan mətbuatımızın inkişafı üçün maliyyə yardımı vacib amillərdəndir. MEDİA-nın təqdim etdiyi maliyyə yardımı rəhbəri olduğum “Metbuat.az” saytının maddi-texniki bazasının inkişaf etdirilməsinə, işçilərin əməkhaqqlarında artıma və yeni layihələrin həyata keçirilməsinə sərf olunur. Bildirim ki, hazırda “Metbuat.az” saytının yeni versiyası hazırlanır. Yeni versiyada saytda azərbaycan dili ilə yanaşı rus və ingilis dilində də xəbərlər təqdim ediləcək. Daim oxucu kütləsini artırmağı hədəflədiyimiz saytımızı son 6 ay (Dekabr 2021 – May 2022) ərzində 3 512 618 nəfər oxucu ziyarət edib, 20 732 881 dəfə xəbər oxunub.
MEDİA-nın maliyyə dəstəyi ilə yanaşı keçirdiyi çoxsaylı təlim və seminarlar əməkdaşlarımızın peşəkarlığının artırılmasında mühüm rol oynayır. Bu, ən azı maliyyə yardımı qədər vacibdir və təqdir edirik.
Hesab edirəm ki, sadaladığım bu fəaliyyətlərin həyata keçirilməsində, saytımızın inkişafında MEDİA-nın dəstəyi əvəzsizdir”.

Aynurə Pənahqızı Demokrat.az


