Bu gün AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovun şəhid olmalarından bir il ötür.
Onlar ötən ilin bu günü Kəlbəcər rayonuna ezam olunmuş telekanal və informasiya agentlikləri əməkdaşlarını aparan avtomobilin Susuzluq kəndi ərazisində ermənilərin yerləşdirdiyi tank əleyhinə minaya düşməsi nəticəsində şəhid olublar.
Milli Məclisin deputatı Ceyhun Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, bu, ermənilər tərəfindən törədilən bir cinayət hadisəsidir. Deputat qeyd edib ki, bu gün o, Sirac Abışovun ailəsinə baş çəkib:

“Düşünürəm ki, bu, ermənilərin növbəti bir vəhşiliyidir. Ermənilər bu minaları basdırıblar və bu gün bizim gənclərimiz, övladlarımız bu mina səbəbindən həyatlarını itirirlər. Bu, həqiqətən də ən vəhşi, barbar münasibətin göstəricisidir. Hesab edirəm ki, dövlət qurumları da bu məsələyə həssas yanaşmalıdırlar. Beynəlxalq təşkilatlar Ermənistana təzyiqləri artırmalıdırlar ki, ermənilər bu xəritələri Azərbaycana versinlər. Söhbət dəqiq xəritələrdən gedir. Məhərrəm və Sirac çox vətənpərvər, dövlətini sevən gənclər idi. Bu gün şəhid Sirac Abışovun il mərasimdə iştirak etdim. Onların hər ikisinə Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm. Əminəm ki, Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində biz qarşımıza qoyduğumuz hədəf və məqsədlərə tezliklə nail olacağıq”.
Aynurə Pənahqızı Demokrat.az


