İncəsənət Özəl

Rasim Balayev: “Kino çəkilməsə, kinoittifaq kimə lazımdır?!”

Rasim Balayev: “Kino çəkilməsə, kinoittifaq kimə lazımdır?!”

Mayın 31-i Azərbaycan Kinematoqrafçılar İttifaqının konfransı keçirilib. Konfransda Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov tədbiri giriş sözü ilə açaraq görülən işlər barədə ümumi məlumat verib. Daha sonra Xalq yazıçısı Anar Rzayev mərhum Rüstəm İbrahimbəyovun yerinə Xalq artisti Rasim Balayevi namizəd kimi təqdim edib. Konfrans iştirakçıları açıq səsvermə yolu ilə Rasim Balayevi yekdilliklə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçiblər.

Sevindirici xəbər münasibətilə Demokrat.az Rasim Balayevlə əlaqə saxlayıb, ona təbriklər ünvanlayıb. Xalq artisti bildirib ki, hələ kollektivlə görüşməyib, görüləcək işlər görüşdən sonra müəyyənləşəcək:

“Mən çalışacağam ki, bu sahədə əsaslı işlə görülsün. Neçə illərdir kinonun tənəzzülü, həm pandemiya- bu sahədə dərin durğunluq oldu. Kino çəkilməsə, kinoittifaq kimə lazımdır?! Gərək kino çəkilsin ki, onun müəyyən məsələləri də ittifaqda həll olunsun. Bir neçə il hökm sürən pandemiya insanların nəinki yaradıcı həvəsini, yaşamaq həvəsini də azaldıb. Düşünürəm ki, kino ilə bu həvəsi yerinə qaytarmaq olar. Bu yaxınlarda kollektivlə görüşəcəyəm. Nə məsələlər var müzakirələr edəcəyik. Bundan sonra hansı tədbirləri görməliyik, nə etməliyik- bunları düşünəcəyik. İclasımız olsun, ondan sonra mətbuata geniş açıqlama veriləcək.”

Gülçin Qorxmaz Demokrat.az

D
demokrat.az