"Azərbaycanda akkreditə olmuş diplomatik korpus nümayəndələri və hərbi attaşelərin işğaldan azad olunmuş ərazilərə artıq 9-cu səfəri baş tutdu. Bu dəfə Kəlbəcərə səfər edən diplomatlar ermənilərin burada törətdiyi dağıntılarla, cinayət izləri ilə daha yaxından tanış oldular. Eyni zamanda burada qısa müddətdə Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işlərinin şahidi oldular".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib. Deputat qeyd edib ki, bu səfərlər həm işğalın izlərini, həm də hazırki vəziyyəti diqqətə çatdırmaq baxımından olduqca vacibdir:
"50-dən çox ölkə, 10-a qədər beynəlxalq təşkilatdan 80 nəfərdən çox diplomat və hərbi nümayəndə kifayət qədər böyük heyətdir. Məlumdur ki, bundan əvvəl də belə bir missiya Ağdama, Şuşaya, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Laçına da səfərlər edib. Kəlbəcər həm də kütləvi məzarlıqların çox olduğu yerdir. Bu dəfə diplomat və hərbi attaşelər Tunel qırğını ilə tanış oldular. Ermənilərin işğal zamanı Kəlbəcəri tərk etmək istəyən sakinlərə qarşı Kəlbəcər-Laçın tunelində törətdiyi qətliam barədə diplomatların məlumatlanması ermənilərin cinayət izlərini dünyaya təqdim etmək baxımından əhəmiyyətlidir.Ötən dəfəki səfərlərdə hətta səfirlərlə yanaşı Ümumdünya Səhiyyə Təşkilatının və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkəmizdəki nümayəndələri iştirak edirdi.Bu nümayəndələr Qarabağda işğal dövründə talan, ekoloji və mədəni terror, urbisid faktları ilə yerində tanış oldular. Azərbaycan öz tarixi torpaqlarında qısa vaxtda genişmiqyaslı quruculuq və bərpa işləri aparmaqla öz gücünü və böyük potensialını aydın nümayiş etdirir".
"Prezident İlham Əliyev beynəlxalq tribunalarda da bəyan edib ki, əcnəbi jurnalistlər və diplomatlar işğaldan azad olunmuş ərazilərə səfər edəndə onlar görürlər ki, ermənilər hər şeyi dağıdıblar. Bütün şəhərlər, bütün kəndlər, tarixi və dini məkanlar, məscidlər, qəbiristanlıqlar dağıdılıb. Bu, islamofobiyanın, Azərbaycanofobiyanın, vandalizmin təzahürüdür. Dövlət başçımızın da söylədiyi kimi, bizim şəhərlərimiz Birinci Qarabağ müharibəsi ərzində deyil, sonradan işğal dövründə dağıdılıb. Bu, bütün Azərbaycan və İslam irsini Azərbaycanın bu tarixi torpaqlarından silmək və həmin torpaqların mənşəyini dəyişdirmək üçün qəsdən yürüdülən siyasət idi".
"Münaqişənin həlli üzrə kontakt qrupun üzvləri də ötən il işğaldan azad edilmiş ərazilərə səfər etdilər və bunu öz gözləri ilə gördülər. Hətta açıq bəyanatlar da verdilər. Təbii ki, UNESCO-nun da bu bölgələrə səfər etməsini gözləyirik. Çünki faktaraşdırıcı missiyalar təşkil etmək bilavasitə UNESCO-nun işi və vəzifəsidir",- deyə millət vəkili qeyd edib.
Aynurə Pənahqızı Demokrat.az


