“İt ölümü” üzərindən Azərbaycana qarşı siyasi kampaniyanın qurulduğu və qısa müddətdə genişlənəcəyi haqda yazmışdıq. Mayın 31-də kiçik bir qrupun Prezident Administrasiyasının önündə etiraz plakatı açması proqnozları doğrultdu. Əslində, bunu proqnozlaşdırmaq çətin də deyildi, çünki illərdir eyni dəstə eyni metodla qarayaxma kampaniyası aparır.
Formula 1 yarışları ərəfəsində növbəti kampaniyanın başlayacağı da gözlənilən idi. Özünü çox gözlətmədi. Göyçayda “itlərin öldürüldüyü” iddiası ortaya atıldı və görüntülər tirajlandı. Maraqlı idi ki, itlərin güllələndiyi vaxt bu görüntülər necə çəkilib?!
Ardınca başlanan kampaniya da onu göstərir ki, əslində bu hadisənin arxasında da eyni dəstə dayanır və məqsəd məhz beynəlxalq idman yarışı ərəfəsində ölkəmizə qarşı başlanan qarayaxma kampaniyasını genişləndirmək, “insan haqları pozulur” iddialarına “heyvan haqları da pozulur” ittihamını əlavə etmək və beynəlxalq səviyyədə heyvan haqlarının müdafiəçilərini də prosesə qoşmaqdır.
Hər şey gözlənildiyi kimi də baş verdi. “İtlərin ölümü” səhnələşdirildi, Qərb mərkəzlərinə bağlı olan media qurumları tərəfindən məsələ kütləvi şəkildə tirajlandı, daha sonra aksiya keçirildi və bu aksiya da yenə eyni media, eyni şəbəkə tərəfindən tirajlandı. 
Əgər doğrudan da məqsədləri heyvan haqlarının müdafiəsi olsaydı, əvvəlki ssenariləri təkrarlamaz, yaxud ən azı müəyyən yeniliklər edərdilər. Heç bir yeniliyin olmaması bu dəstənin sifariş yerinə yetirdiyini təsdiqləyir. Belə demək mümkünsə, tapşırıq gəlir və onlar eyni qaydada bu tapşırığı icra edir və hesabat verirlər. Onlar üçün nəticə yox, hesabatın verilməsi və əldə edəcəkləri qazanc önəmlidir.
Aydın görünür ki, “it ölümü”, heyvan haqlarının müdafiəsi üzərindən aparılan kampaniyanın hədəfləri birbaşa Azərbaycan dövlətini hədəfə almaq, beynəlxalq diqqətin ölkəmizdə olduğu vaxt öz planlarını icra etməkdir. İcraçılar isə belə demək mümkünsə, “it payı”na işləyirlər.
Vaqif Hüseynli Demokrat.az


