İtaliyanın NATO-dakı nümayəndəsi Françesko Mariya Talo bildirib ki, alyans iyunda Madriddə keçiriləcək sammitində qəbul ediləcək yeni strateji konsepsiyasında Rusiyanın statusunu dəyişəcək və ona Çin də əlavə olunacaq.Talo əlavə edib ki, sammitdə Finlandiya və İsveçin NATO-ya qəbulu məsələsi də müzakirə olunacaq. İspaniyanın Baş naziri Pedro Sançes bildirib ki, İsveç və Finlandiya iyunda Madriddə keçiriləcək.
Məsələyə münasibət bildirən siyasi-şərhçi Asif Nərimanlı Demokrat.az-a açıqlamasında bildirib ki, NATO hələ 2019-cu ildə Çinin artan nüfuzunu və böyüməsini təhdid olaraq təsnif etməyə başladı. Əslində əsas hədəfin əvvəldən Rusiya yox, Çin olduğunu düşünürəm:
“Yeni strateji konsepsiyaya Çinin daxil edilməsi də gözləniləndir. Niyə Çin sualının cavabı təkcə Pekinin siyasi-iqtisadi təsir gücünün böyüməsi yox, geosiyasi güc balansının dəyişməsidir və burada Rusiya Çinlə eyni ittifaqda görünsə də, əslində Ukraynaya hücumun arxasındakı geosiyasi hədəf dünyanın iki və daha çox qütblü sisteminə keçiddə Çinin əsas qütblərdən biri olmasının qarşısını almaq, Rusiyanın ikinci qütb olmasa belə, dünya gücü rolunu qəbul etdirməkdir. Ukrayna üzərindən döyüşən tərəflər olan ABŞ və Rusiyanın bu prosesdə maraqları uzlaşır. Çünki strateji hədəfi Çin olan ABŞ öz gücünü Avropada bərpa etməli idi. Halbuki, artıq Avropa ABŞ-ın təsirindən çıxmaq istiqamətində ciddi addımlar atmağa başlamış, “Avropa ordusu” planının ideyadan praktikaya köçürülməsi prosesi sürətlənmiş, NATO-nun qalxa çətiri isə zəifləmişdi”.

A.Nərimanlı əlavə edib ki, Avropanı güc mərkəzinə çevirmək istəyən Fransa və Almaniyanın Çinlə iqtisadi əməkdaşlığı dərinləşdirməsi də ABŞ-ın maraqlarına uyğun deyildi:
“Avropanı ABŞ-ın təsir dairəsinə qaytarmaq, NATO-nu yenidən vazkeçilməz ittifaq halına gətirmək üçün müharibə, yəni xarici təhlükə lazım idi. Rusiya Ukraynaya hücumla bu məsələdə ABŞ-ın əlinə oynadı, hətta müharibədən öncə bütün üstünlüklərini qurban verərək, belə bir addım atması xüsusilə diqqət çəkir. Ukrayna müharibəsi Vaşinqtonun Avropadakı planına ciddi şəkildə yaradı. Belə demək mümkünsə, amerikalılar öz evlərində - Avropada istədiklərini aldılar, proses tam başa çatmasa da, bu istiqamətdə böyük ölçüdə yol qət edə bildilər. Bu proses Fransa və Almaniyanın NATO-nu yenidən əsas hərbi alyans olaraq qəbul etməsi, digər Avropa ölkələrinin ittifaqın çətiri altına sığınmasına şərait yaratmaqla yanaşı, Çinin Avropadakı xüsusilə iqtisadiyyat üzərindən artan təsirinə də ciddi zərbə vurdu. Bunu Ukraynaya hücumla ABŞ üçün təmin edən Rusiyadır və Moskva da bununla Çini onun maraqları ilə hesablaşmağa məcbur edir. Moskva və Pekin nə qədər müttəfiq kimi görünsə də, toqquşan maraqları çoxdur, xüsusilə rusların “öz evləri” hesab etdikləri Mərkəzi Asiyada. Bu baxından, ABŞ-ın Avropada, Rusiyanın postsovet məkanında güclənəcəyi gözləntisi ön plandadır”.
“Hadisələrin bu istiqamətdə mümkün inkişafı Çinin dünya gücü olmasının qarşısını alır, çünki Ukrayna müharibəsi Pekinin nəhəgn “bir kəmər, bir yol” layihəsinin yollarını da bağladı. NATO-nun artıq Çini rəsmi hədəf kimi göstərməyə hazırlaşması geosiyasi ssenarinin ikinci mərhələsi hesab edilə bilər. Birinci mərhələ Ukrayna müharibəsi ilə tətbiq edildi, yəni ABŞ-NATO Avropada təsir gücünü bərpa etdi, artıq Çinin rəsmi şəkildə hədəf elan edilməsinin zamanı çatıb. Əgər Ukrayna müharibəsindən öncə Çini təhdid kimi görməyən və bu məsələdə Vaşinqtona etiraz edən Almaniya və Fransa kimi ölkələr indi Pekinə qarşı çıxmağa məcbur olacaqlar, çünki Rusiyanın hücumu ilə artıq “birləşmə, bütövləşmə” planı baş tutub. Proseslər göstərir ki, dünya yenidən “soyuq müharibə” dövrünə keçir, Çin və Rusiya bu müharibənin bir tərəfi olacaq”, -analitik qeyd edib.
Aynurə Pənahqızı Demokrat.az


