“Təxminən 20 il əvvəl demişdim. Xalq artisti fəxri adının verilməsi ənənəsi sovet dövründən qalıb, o vaxt bunun mənası var idi, bu gün isə yoxdur. Bu adı layiq olanlar da, olmayanlar da alır. Bu da narazılıq yaradır. Əsas olan göstərici xalqın sevgisidir. Bir sənətçi xalq tərəfindən sevilirsə, o, elə xalqın artistidir. Fəxri adlar elə, deyəsən, yalnız Azərbaycandadır, başqa ölkələrdə yoxdur belə şey... Məsələn, Alen Delon Fransanın xalq artisti deyil, amma onu bütün dünya tanıyır, yaxud da Cek Nikolson ABŞ-ın xalq artisti deyil, onu da bütün dünya tanıyır…”
Bunu Pravda.az-a açıqlamasında Azərbaycanın Xalq artisti Rasim Balayev deyib.
“Bir dəfə türklər soruşdu ki, “nə deməkdir xalq artisti, əməkdar artist?” Cavab verdim ki, bu adlar insanın göstərdiyi müəyyən xidmətlərə görə verilir, başa düşə bilmədilər. Soruşdum ki, bəs sizdə necə müəyyənləşdirirlər yaxşı və pis aktyorları. Dedilər ki, bizdə iki cür sənətkar var: zəngin və yoxsul. Zəngin sənətçilər xeyli sayda filmə çəkilir və yaxşı gəlir əldə edir, yoxsul qismi isə bunun əksidir. O vaxt hələ bir əhvalat danışırdılar bununla bağlı, bilmirəm, həqiqətən olub, ya yox. O dövrdə Rac Kapur Bakıya gəlib. Rəşid Behbudovla dostluq edirdi. Rəşid Behbudov ilk tanışlıqda özünü təqdim edərkən demişdi ki, “SSRİ Xalq artisti, dövlət mükafatı laureatı Rəşid Behbudov". Rac Kapur da əlini uzadaraq demişdi ki, “milyoner Rac”” – R.Balayev qeyd edib.
Demokrat.az


