Son günlərdə paytaxtın bulvar ərazisində valideyn nəzarətindən yayınaraq itkin düşən uşaqların sayı açıqlanıb. Bununla Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev “facebook” hesabında paylaşım edib. O qeyd edib ki, son 4 gündə paytaxtın bulvar ərazisində valideyn nəzarətindən yayınaraq itkin düşən 35 uşaq post patrul xidmətinin əməkdaşları tərəfindən tapılaraq valideynlərinə təhvil verilib”.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında sosioloq-alim Əhməd Qəşəmoğlu deyib ki, bu göstərici çox pisdir. Sosioloq bildirib ki, bu göstərici də onunla bağlıdır ki, ailələrimizdə artıq 20-30 il bundan qabaqkı ahəng pozulub:
“İndi statistikaya görə, əgər 100 nikaha qarşı 32 boşanma düşürsə, bu, o deməkdir ki, iki dəfə də artıq insanlar evlərdə bir-birilə vuruşur. Yəni, təkcə vəziyyəti pis olanlar boşanmır. Mənim hesablamalarıma görə, indi 80 faiz Azərbaycan ailəsində gərginlik mövcuddur və bu gərginlik içərisində yeni nəsil böyüyür. Bu, bizim gələcəyimiz üçün çox təhlükəli bir vəziyyətdir. Ümumiyyətlə, bizim hazırkı ailələrdə analar və atalar arasında 30 il bundan qabaqkı kimi ailəyə bağlılıq da azalıb, həmçinin etinasızlıq artıb. Üstəlik valideynlərin bir çoxu hazırda virtual aləmdədir. Ümumiyyətlə, mən buna xəstəlik kimi baxıram, bunu bir narkotik, xəstəlik ilə müqayisə etmək olar”.

“Analar var ki, elə bütün günün sosial şəbəkələrdən ayıla bilmir, səhər tezdən qalxır və bütün günü telefondan ayrıla bilmirlər. Bütün bunların hamısı da ailədə o münasibətləri soyudur. Və ona görə də, indiki valideynlərdə uşaqlarına qarşı əvvəllər olan bağlılıq zəifləyib. İndi bulvara və ya başqa yerə çıxanda da birdən başı harasa qarışır və ya telefonla danışır, əlində telefonla sosial şəbəkələrə girir və birdən də uşaq harada maraqlı bir şey görürsə o tərəfə qaçır. Çox təəssüf ki, bizdə belə bir vəziyyət yaranıb. Düzdür, bu gün biz bundan danışırıq. Ümumiyyətlə, Azərbaycan ailəsini xilas etməyin yollarından danışmaq lazımdır”.
Sosioloqun sözlərinə görə, Azərbycan ailəsinin 80 faizində olan gərginlik ölkənin yeni nəsli üçün çox problemdir:
“Təəssüf ki, biz bu gün ailələrlə normal məşğul olmuruq. İstər ailə ilə məşğul olan qurumlar olsun, istərsə də qeyri-hökumət təşkilatları olsun bunlar çalışırlar ki, ailənin probleminin həllini bundan qabaqkı metodlarla həll etsinlər. Amma, bu metodoloji yanaşma səhvdir. Bu gün cəmiyyət günü-gündən mürəkkəbləşirsə, günü-gündən həssaslaşırsa, bulvarda, parklardakı mühit artıq 30 il bundan qabaqkı kimi deyilsə, biz ailələrdə xoş münasibətlərin, lazımi münasibətlərin yaranması üçün tamam başqa metodlardan istifadə etməliyik. Amma təəssüf ki, tamam başqa metodlar barədə danışanda heç kimi eşitmək və qavramaq istəmir. Problemimiz bundadır və məsələdə dediyim kimi çox ciddidir. Qeyd edim ki, hər bir ölkənin gələcəyi yeni nəslin keyfiyyəti ilə çox bağlıdır”.
Aynurə Pənahqızı Demokrat.az


