29 may 2022-ci il tarixində Salyan rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Salyan rayon Olimpiya İdman Kompleksində kikboksinq idman növünün kütləviliyinin artırılması və perspektivli idmançıları aşkar etmək məqsədi ilə Milli Olimpiya Komitəsinin yaranmasının 30 illik yubileyinə və 28 May Müstəqillik Gününə həsr edilmiş kadetlər , yeniyetmələr və gənclər arasında kikboksinq idman növü üzrə açıq rayon birinciliyi keçirilmişdir.Açıq rayon birinciliyində Salyan , Sabirabad , Neftçala , Bakı , Digah ,İnam , Qələbə və Lokomotiv komandalarının idmançıları iştirak edirdi. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra Salyan rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aqşin Qasımov idmançıları salamlayaraq bildirdi ki, 104 il bundan əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.Belə idman yarışlarının keçirilməsində əsas məqsəd perspektivli idmançıları aşkara çıxarmaqdır.
Sonra Salyan Kikboksinq idman klubunun direktoru , kikboksinq idman növü üzrə məşqçi-müəllim Rahil İsgəndərov çıxış edərək bildirdi ki, Milli Olimpiya Komitəsinin yaranmasının 30 illik yubileyi və 28 May Müstəqillik Gününə həsr olunmuş bu yarış kikboksinq idman növünün daha da kütləviləşməsinə təkan verəcək , perspektivli idmançıların aşkar olunmasına kömək edəcək.
Sonra açıq rayon birinciliyinə start verildi.Maraqlı idman mübarizəsi şəraitində keçən açıq rayon birinciliyinin yekununda komanda hesabında I yeri Salyan , II yeri Neftçala , III yeri isə Lokomotiv komandaları qazanmışdır. Sonda I ,II , III yeri tutmuş idmançılar Salyan rayon Gənclər və İdman İdarəsinin diplomları və Salyan Kikboksinq İdman Klubunun medalları ilə təltif olundular.





