“Həcc ibadətini yerinə yetirmək islamın vacib şərtlərindən biridir. Hər hansı məsələyə qiymət verəndə ona hansı aspektdən baxmağımız önəmlidir. Sırf islami nöqteyi-nəzərdən baxanda hər bir müsəlman ömründə bir dəfə imkanı olarsa, Həccə getməlidir.
Yəni burada şərt var: sağlamlıq və maddi imkanın yerində olması. Məsələyə sağlam yanaşmağı bacarmalıyıq. Bu, dinimizin şərtidir. Hər bir müsəlman da imkanı varsa, buna əməl etməlidir. Mən də hesab edirəm ki, Həcc qiymətləri kifayət qədər yüksəkdir. Sosial şəbəkələrdə çoxlu sayda narazılıq olduğunu izləyirəm. Hesab edirəm, Qafqaz Müsəlmanları İdarəsi bununla bağlı daha geniş açıqlama verməlidir ki, tam təsəvvür yaransın. Ola bilsin, nəqliyyat xərcləri, otellərin qiyməti artıb. Yəqin Həcc qiymətinin qalxma səbəbi də budur. Bu məsələyə QMİ geniş aydınlıq gətirsə, daha yaxşı olar”.
Bu sözləri Pravda.az-a Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov deyib.
O bildirib ki, Həccə getmək müsəlmanlara bir dəfə vacibdir: “İkinci dəfə getmək vacib deyil. Düşünürəm, ikinci dəfə Həccə gedib bu vəsaiti ödəməkdənsə, həmin vəsaiti imkansızlara, kasıb insanlara verə, onlara dəstək ola, daha çox savab qazana bilərik. Məsələyə bu formada yanaşaraq, daha konkret mövqe nümayiş etdirmiş olarıq. Burada söhbət dinin vacib əməllərindən gedir. İmkanı olan, gücü çatan hər bir müsəlman bunu yerinə yetirməlidir. Bu, əvvəlki dövrlərdə də Azərbaycan cəmiyyətində geniş müzakirə olunub. Məsələyə daha soyuqqanlı, təmkinli və obyektiv yanaşmaq lazımdır. Burada hansısa formada paralellik aparıb “Həccə getməyək, Həcc pulunu müəyyən insanlara verək” demək populist bir yanaşmadır. Bu, bir sıra hallarda ayrı-ayrı insanlar tərəfindən rəğbətlə qarşılana bilər. Amma biz ölkəmizdəki dindar vətəndaşlarımızın da mövqeyini, yanaşmasını, dini inancını nəzərə almalıyıq”.
Qeyd: QMİ-nin açıqlamasına görə, bu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb. Ziyarətin qiyməti 5350 ABŞ dolları, yəni 9106 AZN müəyyən olunub. Bu məbləğ isə cəmiyyətdə narazılığına səbəb olub.
Demokrat.az


