Sosial Özəl

Gələcəyimizi zəhərləyən uşaq qidaları — Pediatrdan AÇIQLAMA

Gələcəyimizi zəhərləyən uşaq qidaları — Pediatrdan AÇIQLAMA

Azərbaycanda ana südü ilə qidalandırma təxminən 44-45 faiz həcmindədir. Bu isə o deməkdir ki, uşaqlarımızı ana südü ilə bəsləməkdə Mərkəzi Avropa ölkələrindən də xeyli geridə qalırıq. Mütəxəssislər bildirirlər ki, bu say uşaqların gələcək həyatı üçün çox qorxulu bir tendensiyadır.

Məsələ ilə bağlı həkim-pediatr Aytən İsmayılzadə Demokrat.az-a açıqlamasında doğum evlərində süni qidalar satan şirkətlərin sponsorluğu ilə yeni doğulan körpələrə “smes”in verildiyini təsdiqləyib. Həkim bildirib ki, müxtəlif bəhanələr ilə gənc analar inandırılaraq körpələrinə ana südü dadızdırılmır:

“Qeyd edim ki, ilk gündən süni qida ilə tanış olan körpələrin çoxu sonradan ana südünü istəmirlər. Valideynlər körpə müəyyən yaşa çatanadək süni qidalar almağa məcbur olur. Daha dəqiq desək, süni qidanın bağlanması yalnız 3 gün kifayət edir. Valideynlər yenidən bu qidanı tez-tez almalı olurlar ki, bu da sonda kasıb ailələrin büdcəsinə mənfi təsir edir. Pediatr kimi məni narahat edən məsələ süni qida hesabına uşaqların xəstəlik qazanmasıdır. Birinci növbədə biz bilməliyik ki, verilən süni qidalar inək südü əsasında hazırlanır. Düzdür, inək südü dadlıdır, bizə zövq verir. Amma, inək südünün zülalı bizim immunitetimizi çaşdıracaq dərəcədə çox təhlükəlidir. Bunun gündəlikdən, körpəlikdən istifadəsi bronxial astma, neyrodermatit və s. kimi xəstəlikləri əmələ gətirir. Əslində, inək südü çürümüş vəziyyətdə faydalıdır, çünki bu zaman onun zülalları parçalanır. Yəni, inək südünün çürümüş məhsulları daha faydalıdır”.

Gələcəyimizi zəhərləyən uşaq qidaları — Pediatrdan AÇIQLAMA

A.İsmayılzadə hesab edir ki, doğum şöbələrinə süni qida girişinin qadağan olunması, yersiz süni qida təyin edən həkimə cəza verilməsi, xəstəxanalarda əmizdirmə üzrə məsləhətçilər üçün yer ayrılması, süd banklarının yaradılması, donor südünün gündəmə gətirilməsi daha məqsədəuyğun olardı. Həkim-pediatr vurğulayıb ki, bu gün klinikalarda süni qida satan şirkətlərlə əməlli-başlı alver gedir:

“Düzdür, bura bütün klinikaları şamil etmək olmaz. Lakin əksəriyyəti bütün kodeksləri pozaraq bu qanunsuzluğa yol atırlar. Bu da “Körpələrin qidalanması haqqında” Qanunun maddəsinin pozulması deməkdir. Beləliklə, sonda ailələrin xərclədiyi milyonlarla manat bir neçə şirkətin kassasına daxil olur. Ona görə də, analar süni qida almaqdan imtina etməlidirlər. Yəni, bu hər hansısa klinikanı və ya həkimi cəzalandırmaqla düzələn məsələ deyil”.

Həkim-pediatr sonda yeni ana olanlara da öz töhfəsini verib:

“Bir həkim olaraq bildirmək istəyirəm ki, hər bir kəs övladına ana südü versin. Təzə doğum edən ana ilk iki saat ərizndə uşaqla dəri-dəriyə təmas etdirilməlidir və ilk olaraq körpəyə ana südü verilməlidir”.

Qeyd edək ki, Azərbaycanda marketlərin rəflərində ən çox “Nutrilak”, “Nutrilon”, “Frisolac”, “Friso”, “Malyutka”, “Nestogen”, “Humana” və “Aptamil” brendlərinin süni qidaları (südlü qarışıqlar) yer alır.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az