Bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə “Lion Centre” MMC-nin rəhbəri Ramil Aslanova istinadən gömrük orqanları və onun ayrı ayrı rəhbər şəxləri haqqında həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb. Belə ki, Ramil Aslanov Çin Xalq Respublikasından idxal etdiyi malların gömrük dəyərinin süni şəkildə artırıldığını, gömrük orqanlarına etdiyi müraciətlərə etinasız yanaşıldığını iddia edir.
Demokrat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin yaydığı açıqlamada bildirilir.
"Bildiririk ki, “Lion Centre” MMC-nin ünvanına Çin Xalq Republikasından daxil olan mallara dair müəssisə tərəfindən təqdim edilən gömrük bəyannaməsinin Bakı Baş Gömrük İdarəsində rəsmiləşdirilməsi zamanı müvafiq gömrük bəyannaməsi üzrə bəyan edilən malların ayrı-ayrılıqda deyil, komplekt (dəst) halda mövcud olan mal kateqoriyası kimi bəyan edilməli olduğu şübhəsi yaranıb. Mövcud halın dəqiqləşdirilməsi üçün Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 97, 110 və 322-ci maddələrinə istinadən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 232 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ekspertizasının aparılması Qaydaları”na uyğun olaraq malın gömrük ekspertizsının keçirilməsi üçün müraciət edilib. Müvafiq ekspert əldə edildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatdırılacaq. Yəni “Lion Centre” MMC absurd təklif irəli sürərək idxal etdiyi “qazan dəstləri”ni komplekt şəkildə deyil, hər bir hissəsini ayrı-ayrılıqda, yəni qazanı və ona aid qapağı xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında əksini tapan fərqli kodlar üzrə bəyan etməyə və rəsmiləşdirməyə cəhd göstərir ki, bu da qanunvericilikdə nəzərdə tutulan gömrük dəyərinin formalaşması qaydalarına ziddir və gömrük ödənişlərindən yayınmağa hesablanıb.
Müəssisənin rəhbəri Ramil Aslanovla Komitənin müxtəlif struktur bölmələrinin rəhbərləri arasında dəfələrlə görüş keçirilib və ona tələbinin beynəlxalq və milli qanunvericiliyə uyğun olmadığı ətraflı izah olunub.
Qeyd edək ki, sahibkarın qanunsuz tələblərini həyata keçirmək üçün bəzi media qurumları və sosial şəbəkələr vasitəsilə gömrük orqanlarına qarşı təzyiq etmək cəhdləri yolverilməzdir. Xarici iqtisadi fəaliyyət zamanı yaranan mübahisələr qanunvericiliyə əməl etməklə və ya məhkəmələr vasitəsilə həll olunur.
Bir daha bildiririk ki, Dövlət Gömrük Komitəsi xarici ticarət əməliyyatlarının qanunvericiliyə uyğun şəkildə həyata keçirilməsi, sahibkarların bərabərhüquqlu fəaliyyətinə şərait yaradılması istiqamətində bütün zəruri addımları atır və daim qanuni ticarətin yanındadır", komitə açıqlamasında qeyd edir.
Məlik Demokrat.az


