“Azərbaycan-Ermənistan sərhədində erməni silahlı qüvvələri tərəfindən intensiv şəkildə təxribat addımları həyata keçirilir. Ötən gün isə Kəlbəcər istiqamətində mövqelərimiz intensive atəşə tutulub”.
Bunu Demokrat.az-a açıqlamasında politoloq Anar Əliyev deyib. Politoloq hesab edir ki, burada bir neçə ciddi səbəb ola bilər:
“Təbii ki, Ermənistanda bir aya yaxındır davam edən etiraz aksiyaları və bu aksiyanı təşkil edən revanşist qüvvələr Ermənistanla Azərbaycan arasında birbaşa əlaqələrin qurulmasını, sülh danışıqlarını sabotaj etmək və bu prosesi pozmaq üçün kifayət qədər radikal addımlar atmağa çalışırlar. Nəzərə almaq lazımdır ki, bu qüvvələrin arxasında əsasən şimal qonşumuz dayanır. Rəsmi Kreml Ermənistanla Azərbaycan arasında birbaşa əlaqələrin qurulmasında qətiyyən maraqlı deyil. Bunları nəzərə alaraq şimal qonşumuz Ermənistandakı əlaltılarını aktivləşdirərək mövcud hakimiyyətə təsir göstərmək və bununla da, Azərbaycanla birbaşa əlaqələrdə və sülh danışığı prosesindən çəkindirməyə çalışırlar”.

“Digər tərəfdən Paşinyan hakimiyyəti Ermənistanda revanşist qüvvələr hakimiyyətə gələrsə Ermənistan xalqını qarşıda nə gözləyə bilərin görüntüsünü yaratmaq üçün Ermənistanla Azərbaycan arasında məqsədli təxribatlar törədə bilər. Burada iki mühüm hədəf qarşıya qoyula bilər. Birincisi, Azərbaycanın təxribatlara cavab olaraq qısa müddət ərzində Ermənistana ciddi şəkildə cavab qaytarması, Ermənistan cəmiyyətinin 44 günlük müharibədən sonra yenidən eyforiya, illuziya uyan qüvvələri üçün bir ayılma tədbiri də ola bilər. Məqsədə də erməni cəmiyyətinə Azərbaycan ordusu ilə revanşistlər qüvvələr qarşı-qarşıya gələ bilər və bununla da onları hansı dəhşətli prosesin gözlədiyini nümayiş etdirmək istəyir. İkincisi, hesab edirəm ki, mövcud hakimiyyət daxili narazılıqları mümkün qədər səngitmək və daxildəki gərginliyi mümkün qədər Azərbaycan-Ermənistan sərhəddinə çıxarmaq üçün bu təxribatları planlaşdıra bilər. Yəni, narazılıqların genişlənməsinin qarşısını almaq üçün bu addımı ata bilər. Ümumillikdə hesab edirəm ki, bütün bu proseslər Ermənistan cəmiyyətində real vəziyyətin şərtlərini dərk etməyə bir daha imkan verəcək”.
Politoloqun sözlərinə görə, Paşinyan hakimiyyəti bu prosesdən qalib çıxacaq:
“Çünki Ermənistanda revanşist qüvvələri hərəkətə gətirən dairələr, xüsusilə rəsmi Kreml, eyni zamanda cənub qonşumuz İran, ABŞ və onun Qərb müttəfiqləri Ermənistanda hakimiyyət dəyişikliyinə indiki situasiyada maraqlı deyil. Bu gün həm Qərb, həm də Rusiya Ermənistanda mövcud hakimiyyətin Paşinyanın qorunub saxlanılmasında, Cənubi Qafqazdakı proseslərin iştirakçısı olaraq mövcud hakimiyyət kimi Paşinyanı görürlər. Hesab edirəm ki bu proseslər də mümkün qədər tədricən səngiyəcək və Ermənistan-Azərbaycan arasında münasibətlərin tənzimlənməsi birbaşa müstəvidən daha çox Rusiyanın vasitəçiliyi ilə davam etdiriləcək”.
Aynurə Pənahqızı Demokrat.az


