Gündəm

Ərdoğanın daşı: Bu “daş” o qədər ağırdır ki,..

Ərdoğanın daşı: Bu “daş” o qədər ağırdır ki,..

Bu "daş" o qədər ağırdır ki, İsveçin və Finlandiyanın başına düşən kimi biriləri dünyanın müxtəlif yerlərindən çaqqal və ya quzğun sürüsü kimi tökülüşüb Türkiyəni didməyə, Ərdoğanı linç etməyə başladılar.

İlk siqnal Kanada və ABŞ-dan gəldi. Belə ki, Türkiyənin Finlandiya və İsveçin NATO-ya daxil olmasını terror təşkilatlarına göstərdikləri yardıma görə dəstəkləməməsi Kanada parlamentinin yunan əsilli senatoru Leo Husakos`u özündən çıxarıb.

L.Husakos özünün Twitter hesabında Türkiyənin "yox" qərarını sərt tənqid edib və eyni zamanda məkrli təklif irəli sürüb. Bu türkofob senator Finlandiya və İsveçin alyansa üzv olması üçün Türkiyənin NATO-dan çıxarılmasını təkif edib.

Sitat:

"Bu məsələ asanlıqla həll edilə bilər. Sadəcə Türkiyəni və Ərdoğanı NATO-dan atın. Beynəlxalq hüququn aliliyinə hörmət etməyən avtokratlar və hökumətlər NATO-nun bir hissəsi olmamalıdır".

Leo Husakos belə deyib.

Yunan əsilli senatorun bu cür cəsarət nümayiş etdirib Türkiyənin üzərinə gəlməsi həm də Kanadanın özünün ənənəvi anti-Türkiyə mövqeyindən irəli gəlir.

***

Mənzil-qərargahı Vaşinqtonda yerləşən Amerika Biznes İnstitunun (AEİ) baş elmi əməkdaşı Maykl Rubin isə Türkiyənin və Ərdoğanın ünvanına daha sərt fikirlər səsləndirib.

M.Rubin Birləşmiş Ştatlara və NATO rəhbərliyinə çağırış edərək deyib ki, bu məsələdə Türkiyəyə qarşı sərt davranılmalıdır, Türkiyə ilə qətiyyən "ticarət" etmək, sövdələşmək olmaz.

Sitat:

"İsveç və Finlandiyanın NATO-ya üzv olmasına razılıq versin deyə Türkiyəni ələ almağa, satın almağa çalışmayın. Bu ölkəyə qarşı çox sərt oynayın. Şimali Atlantika İtifaqı (yəni ki, NATO) Türkiyəni öz sıralarından qovmalıdır. Bunun üçün kifayət qədər əsaslar, ciddi səbəblər var. Ən əsası isə Türkiyə Qərb sivilizasiyasına aid deyil, Qərb dəyərlərinə yaddır".

M.Rubin sözügedən analitik məqaləsində alimliyini unudaraq Türkiyə və Ərdoğanın haqqında sayıqlamalarını qələmə alıb. O, Türkiyəni terrorist təşkilatlara (Taliban, HƏMƏS, əl-Qaidə və b.) sponsorluq etməkdən tutmuş, Vladimir Putinlə gizli danışıqlar aparmağa qədər bir çox sərsəm ittihamlarla qaralamağa çalışıb.

Amerikalı analitik sonda qeyd edib ki, Türkiyənin nazıyla oynamaq, onunla diplomatik danışıqlar aparmaq yox, bu ölkəni sadəcə məcbur etmək lazımdır ki, İsveçin və Finlandiyanın NATO-ya üzvlüyünə razılıq versin. Və M.Rubin bunun üçün konkret təkliflər də səsləndirib.

***

Bu arada Rusiya Dövlət Dumasının üzvü Adalbi Şxaqoşev Türkiyəni KTMT-da (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) gözlədiklərini bildirib.

"İsveç və Finlandiyanın NATO-ya qəbul edilməsi alyansın daxilində parçalanmaya gətirib çıxaracaq. Proseslərin bu məcrada cərəyan edəcəyi təqdirdə Türkiyənin KTMT ilə əməkdaşlıq etmək haqda düşünməyə tam haqqı çatır. Əgər NATO-da fikir ayrılığı baş qaldırarsa, biz Türkiyəni KTMT-da gözləyirik",- deyə A.Şxaqoşev bildirib.

Rusiyalı deputat onu da vurğulayıb ki, Rəcəb Tayyib Ərdoğan ciddi siyasətçidir və Türkiyənin KTMT ilə əməkdaşlığı "beynəlxalq təhlükəsizliklə bağlı vəziyyəti yeni istiqamətə yönəldə bilər".

***

Göründüyü kimi artıq Qərbdə də, Şərqdə də (Rusiyada) Türkiyənin potensialının və əhəmiyyətinin tam fərqindədirlər. Eyni zamanda, Ərdoğanı sevməsələr də belə, onunla hesablaşmağı və yaxud onu öz tərəflərinə çəkməyi daim diqqət mərkəzində saxlayırlar.

Lakin Ərdoğan isə hələlik nə NATO-nu tərk etməyə, nədəki KTMT kimi "ölü" bir təşkilatda təmsil olunmağa tələsmir. Ərdoğan çevik manevrlər ustasıdır...

Bəybala Mirzəyev Demokrat.az

D
demokrat.az