Kriminal Özəl

Gecəyarısı uşaqları ilə birlikdə evdən qaçan qadına qarşı dəhşətli əməl — Təfərrüat

Gecəyarısı uşaqları ilə birlikdə evdən qaçan qadına qarşı dəhşətli əməl — Təfərrüat

Abşeron rayonunda 1987-ci il təvəllüdlü Seymur şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı arvadı Nərminəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən il dekabrın 21-də, saat 09 radələrində Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Güvən” lahmacun restoranının yaxınlığında baş verib.

Seymur orada arvadı Nərminə ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qəsdən əli ilə onun başına və sifətinə bir neçə dəfə zərbə vurub.

İstintaq orqanı tərəfindən Seymurun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Seymur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, fərdi qaydada tikinti sahəsində fəhlə işləyir: “2008-ci ildə Nərminə ilə rəsmi nikahla ailə həyatı qurmuşam. Birgə evlilikdən üç övladımız var. Nərminə ilə aramızda bir neçə dəfə sözlə mübahisələrimiz oldu. Hətta Nərminə bir neçə dəfə məndən boşanmaq da istədi”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2021-ci ilin sentyabr ayınadək Xumar və övladları ilə birlikdə Zaqatala rayonunun kəndində yaşayıblar: “2021-ci ilin sentyabrında aramızda mübahisələri olduğuna görə Xumar məndən icazəsiz uşaqları da götürərək Xırdalan şəhərinə gəldi. 2021-ci ilin oktyabrında Xırdalan şəhərinə Xumar və uşaqlarımın yanına gəldim. Həmin vaxt barışdığımız üçün Xumarın Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində kirayə tutduğu evdə birlikdə yaşamağa başladıq. Aramızda yenə mübahisələri olduğu üçün Xumar məni evdən qovdu”.

Seymur qeyd edib ki, dekabrın 20-də Xumarın yanına evə gəlib: “Evdə olan zaman Xumardan mobil telefonuna baxmaq üçün istədim. Xumar mənimlə mübahisə edərək uşaqları da götürdü, evdən çıxdı. Mən isə evdə qaldım. Səhəri gün saat 09 radələrində o, evdən çıxdım və Xumarın işlədiyi Xırdalan şəhərində yerləşən “Güvən” lahmacuna getdim. Xumarı içəridən çölə çağırdım. Həmin yerdə ara küçədə Xumara evdən niyə getdiyini və uşaqlarını hara apardığını soruşdum. Xumar mənə nalayiq ifadələr işlətdiyi üçün əsəbləşdim. Bundan sonra əlim ilə Xumarın sifət və başına iki dəfə şillə ilə zərbə vurdum. Bundan sonra Xumar məndən aralandı, iş yerinə getdi. Mən də oradan uzaqlaşdım”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Xumarın sözlərinə görə, övladları ilə birlikdə yaşayır: “Hazırda Xırdalan şəhəri, AAAF park yaşayış kompleksində fərdi qaydada meyvə-tərəvəz alqı-satqısı ilə məşğul oluram. 2008-ci ildə Seymurla rəsmi nikahla ailə həyatı qurmuşam. Birgə evliliyimizdən üç övladımız var. Seymur mütəmadi olaraq spirtli içki qəbul edərək mənimlə münaqişə yaradıb. Seymurdan bir neçə dəfə boşanmaq istəsəm də, valideynlərim razı olmadıqları üçün fikrimdən daşınmışam”.

Xumar qeyd edib ki, 2021-ci ilin sentyabrında Seymurla mübahisə etdiyi üçün övladları da götürüb və Xırdalan şəhərinə gəlib: “Həmin vaxtdan övladlarım ilə Abşeron rayonu, Quşçuluq yaşayış massivində kirayə yaşayıram. Dekabrın 20-də Seymur kirayə yaşadığım evə gəldi. Həmin vaxt Seymur sərxoş idi. Seymur məni əxlaqsızlıqda ittiham etdi, mənimlə mübahisə etməyə başladı. Mən də Seymurun sərxoş olduğunu gördüm, bu səbəbdən evdən getdim. Səhəri gün saat təxminən 09 radələrində həmin vaxt xadimə işlədiyim “Güvən” lahmacun adlı restorana getdim. Yenicə içəridə işə başlamışdım ki, Seymur iş yerimə gəldi. Seymur məni çölə çağırdı. Mən də çölə çıxdım. Seymur məni restoranın kənarına küçəyə apardı. Küçədə Seymur məni nalayiq söyüşlər söyərək, təhqir etdi. Bundan sonra Seymur əli ilə sifətimin müxtəlif nahiyələrinə və başıma bir neçə yumruq zərbəsi vurdu. Bundan sonra Seymur məni buraxdı, həmin yerdən uzaqlaşdı”.

Xumar əlavə olaraq bildirib ki, Seymur ilə barışıb, ondan şikayətçi deyil.

Bu cinayət işinə Abşeron rayon Məhkəməsində baxılıb. Hakim Sevinc Quliyevanın sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması nəzərə alınıb.

Bu səbəbdən Seymurun barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az