Xalq artisti Arif Babayev ən böyük arzusunu dilə gətirib.
Xanəndə Demokrat.az-a açıqlamasında arzusunun ömrünü boya-başa çatdığı və işğaldan azad olunmuş Ağdamın Sarıhacılı kəndində başa vurmaq olduğunu deyib:
“O kənd mənə çox əzizdir. Yadıma düşəndə kövrəlirəm. Mən orada doğulub boya-başa çatmışam, uşaqlığım orada keçib. İkimərtəbəli evimiz var idi, bülbüllər cəh-cəh vururdu. Elə bil cənnət idi, bağlı-bağçalı. İndi həmin yerdə ağıllı şəhər tikiləcək. Prezidentimiz sağ olsun, oraları abadlaşdırır. Mənim indi bir arzum var: xırda-xuruş əşyalarımı götürüb köçüm ora, ömrümü orada başa vurum”.
Görkəmli sənətkar tarixi qələbəmizdən, ölkə başçısının diqqət və qayğısından söz danışıb:
“Şuşa alınmaz qala idi, Şuşanı almaq üçün bizim igidlər yalın əllə, vuruşa-vuruşa canlarını fəda etdilər, o torpaqları bizə qaytardılar. Şükür Allaha ki, bu günləri gördüm. Azərbaycan cənnət məkana çevrilib. Mən bu inkişafı görürəm. Neçə vaxtdır bulvara getmirdim, o gün getdim. Cənnətdir, elə bil. Allah prezidentimizi bizə çox görməsin. Həmişə onlara duaçıyam. Mən xəstəxanaya düşəndə cənab Prezidentimizin, Mehriban xanımın böyük diqqətini hiss elədim, bu, məni təəccübləndirmədi. Çünki hər zaman onlardan belə münasibət görmüşəm. Bütün xəstəxana xərclərini öz üzərilərinə götürdülər. İndi evdəyəm, onun verdiyi təqaüdlə bütün maddi ehtiyaclarımı qarşılayıram.”
Gülçin Qorxmaz Demokrat.az


