Araşdırmalar göstərir ki, son on ildə bütün dünyada intihar halları artıb. İntiharlar daha çox liberal-demokratiyanın kök saldığı ölkələrdə baş verir.
İntiharların müsəlman ölkəsi olan Azərbaycanda da populyarlaşması müzakirələrə yol açıb. Özü də son dövrlərdə intihar halları daha çox gənclər arasında özünü göstərir və bu intiharın prosesinin gəncləşməsindən xəbər verir.
Psixoloq Elnur Rüstəmov Demokrat.az-a açıqlamasında bildirib ki, ümumi göstəricilər baxımından Azərbaycanda intihar edənlərin sayı kəskin artıb. Onun sözlərinə görə, ən pis məqam isə uşaq və yeniyetmələr arasında intihar hallarının artmasıdır ki, bu da qorxulu tendensiyadan xəbər verir:

“Son illər fiziki cəhətdən problemi olmayan insanların intihar etdiyi hallarına rast gəlirik. Hansı ki, klassik təsnifatda göstərilirdi ki, uzunmüddət xəstəlikdən əziyyət çəkənlər, tənha insanlar, psixatrik problem olan insanlar intihara meyilli olur. Yəni, əvvəllər risk qrupu olaraq onlar götürülürdü. Lakin biz bu gün uşaq və yeniyetmələrin intihar etdiyini görürük. Bu da daha çox onu deməyə əsas verir ki, daha çox psixoloji faktorlardan dolayı intihar halları artıb. Bura depressiya, şəxslərarası münasibətlərdə yaşanan böhranı və s. daxil edə bilərik. Eyni zamanda, bir məqamı da nəzərə almaq lazımdır ki, intihar edən insanlar öncələrdə də intiharlara cəhd etmiş şəxslər olurlar. Belə insanlara mütləq şəkildə vaxtında psixoloji dəstək göstərilməlidir”.
Psixoloq hesab edir ki, intihar hallarının sayını azaltmaq üçün maarifləndirici verilişlərin sayının artırılmasına ehtiyac var: "Həddindən artıq virtual aləmə qapılanlarda insanlarda ruh düşkünlüyü yaranır. Onlarda gələcəyə ümid, inam qalmır. İnsanlar arasında maarifləndirmə işlərinin aparılmasına ehtiyac var. Bu məsələdə telekanalların üzərinə böyük iş düşür. İntihar edənlərlə bağlı məlumatlar verərkən bunu neqativ tərzdə ifadə etmək lazımdır. Ümumən maarifləndirmə işləri aparılmalı, profilaktik tədbirlərin görülməlidir. Hesab edirəm ki, əgər bunlar olarsa, şübhəsiz ki,insanlarımızda psixoloji dayanıqlılıq yüksək olacaq və əhval-ruhiyyələri də yaxşı olacaq. Yəni, bunun bir çox istiqamətdə müsbət təsirləri olacaq”.
Aynurə Pənahqıız Demokrat.az


