Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu deyib ki, “Ukrayna qoşunları üçün silah-sursat gətirən NATO nəqliyyat vasitələri məhv ediləcək”. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün ölkə ərazisinə silah və ya materiallar gələn istənilən nəqliyyat vasitəsini məhv etmək onlar üçün qanuni hədəf hesab olunur.
Müdafiə naziri Sergey Şoyqunun açıqlamasını şərh edən "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi"nin rəhbəri Samir Hümbətov Demokrat.az-a açıqlamasında deyib ki, Rusiyanın əsas məqsədi Ukraynaya silah-sursat, hərbi texnika verən istənilən bir ölkəni, istənilən bir qurumu bu məsələdə kənarlaşdırmaqdır: 
“Digər tərəfdən hesab edirəm ki, bu açıqlama Rusiyanın gücsüzlüyünün əlamətidir. Çünki Rusiya müharibədə bacara bilmədiyi üçün kənar dövlətlərin Ukraynaya yardım etməsinə razı deyil. Amma məsələ burasındadır ki, bu dövlətlər açıq şəkildə bildirirlər ki, Ukrayna özünü müdafiə edir və biz də ona yardım edirik. Əlbəttə ki, Rusiya bu cür bəyanatlar verməklə, əslində getdikcə özlərinin nüfuzunu itirirlər. Hesab edirəm ki, onların bu açıqlamalarından heç də NATO ölkələri narahat deyil”- deyə, S.Hümbətov qeyd edib.
Aynurə Pənahqızı Demokrat.az


