Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb. Bu barədə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar tviter hesabında bildirib.
Məsələyə münasibət bildirən politoloq Turab Rzayev Demokrat.az-a açıqlamasında bu görüşün çox effektiv olacağını düşünür.
“Belə ki, bundan əvvəlki görüşlərə nəzər salaq. Bilirik ki, bir neçə dəfə həm Rusiyanın, həm Avropa İttifaqının, həm Fransanın fərqli ölkələrin nümayəndələrinin təklifi ilə görüşləri olub. Amma ən produktivi, ən nəticəsi olanı, ən müsbət sonda bitən məhz Avropa İttifaqının təklif etdiyi görüşlər olub. Qeyd edim ki, birinci Brüssel görüşündə Ermənistan tərəfi artıq konstruktiv mövqe nümayiş etdirdi, kompromisə gedərək Zəngəzur dəhlizinin, dəmir yolunu açılmasına razılıq verdi. İkinci dəfə, yəni bu yaxınlarda olan Brüssel görüşündə artıq Ermənistan həm Azərbaycanın ilkin 5 şərtinə etiraz etmədiyini bildirib, yəni buna Ermənistanın səsli etirazı olmadı. Bundan başqa, Ermənistan Azərbaycanla delimitasiya və demarkasiya məsələsində razılığa gəlib. Eyni vaxtda həm Azərbaycan, həm də Ermənistan xarici işlər nazirlərinin də yanında sülh müqaviləsinin bağlanması ilə bağlı komissiyanın yaradılması barədə razılıq əldə olundu. Bütün bunlar onu deməyə əsas verir ki, Brüssel görüşləri çox uğurlu alınır. Nəzərə alaq ki, Avropa İttifaqının Ermənistan üzərində həm maliyyə, həm də güclü siyasi təsiri var. Eyni zamanda, Azərbaycan tərəfi ilə çox yaxşı münasibətləri var. Ona görə düşünürəm ki, üçüncü Brüssel görüşündən də biz çox müsbət nəticələr gözləsək yanılmarıq. Ümumiyyətlə, Avropa İttifaqının rəsmi Brüsselin bu məsələdə Qarabağ münaqişəsinin aparması çox pozitiv, çox müsbət şəkildə davam edir. Azərbaycan tərəfi açıq şəkildə Brüsselin bu məsələdə davam etməsini, Avropa İttifaqlnın bu məsələdə geri plana atılmamasını istəyir”.
Aynurə Pənahqızı Demokrat.az


