Xəbər verdiyimiz kimi, Rusiyanın Sərhəd Xidmətinin yaydığı məlumata əsasən ötən ilin birinci rübü ilə müqayisədə Azərbaycana gələn Rusiya vətəndaşlarının sayında kəskin artım qeydə alınıb. 2021-ci ilin birinci rübündə Azərbaycana 20 min nəfər gəlib, cari ilin analoji dövründə bu rəqəm 56 min nəfər təşkil edib. Bəs müharibə davam edərsə və Rusiyadan minlərlə vətəndaşlarımız gələrsə, bu ölkəmizdə hansı mənfi nəticələrə gətirib çıxaracaq?
Suallımızı iqtisadçı-ekspert Natiq Cəfərli cavablandırıb. O, Demokrat.az-a açıqlamasında deyib ki, mütləq rəqəmlərdə bu, o qədər də böyük rəqəm deyil.
N.Cəfərlinin sözlərinə görə, ümumən bu sahədə tendensiya müşahidə olunmaqdadır: “Sadəcə həm koronavirus məhdudiyyətlərinin aradan qalxması, həm də Rusiyaya tətbiq olunan sanksiyalar son iki ayda ölkədən on minlərlə insanın qonşu ölkələrə səfər etməsinə səbəb olub. Bu son 4 ayda müxtəlif səbəblərdən Rusiyadan xarici ölkələrə səfərlər olub, indiyə qədər Gürcüstana 180 minə qədər rusiyalı vətəndaşın getdiyi deyilir. Yəni, yanvardan aprelə kimi müxtəlif ölkələrə səfərlər olub. Azərbaycana gələnlərin isə bəziləri çox güman ki, bizim soydaşlarımızdır. Yəni, Rusiya vətəndaşı olan azərbaycanlılardır.

Əslində, bu göstərilən rəqəmlər elə də böyük deyil, amma tendensiya var. Tendensiya ondan ibarətdir ki, Rusiyadakı məhdudiyyətlərin və sanksiyaların sərtləşməsini nəzərə alaraq, Rusiya vətəndaşları daha rahat uça biləcəyi, gedə biləcəyi ölkələrə daha çox səfər etməyə çalışırlar və çalışacaqlar da. Çünki müxtəlif problemlərini həll etmək, o cümlədən bank köçürmələri və bank kartlarının əldə edilməsi üçün başqa ölkələrə üz tutmaq məcburiyyətindədir. Səbəb isə odur ki, Rusiya ərazisində fəaliyyət göstərən bankların beynəlxalq kart sisteminə inteqrasiyası dayandırılıb. Yəni, bütün bunları nəzərə alaraq təbii ki, prosesi izləmək lazımdır”.
Ekspert ölkəmiz üçün bu sahədə ciddi təhlükələr görmədiyini vurğulayıb: “Çünki Rusiyadan gələnlər ev tuturlar və burada pul xərcləyirlər. Bütün bunların Azərbaycan iqtisadiyyatına müəyyən pozitiv təsirləri ola bilər. Hər bir halda kütləvi hal alarsa, bunun müəyyən fəsadları da ola bilər. Buna görə də, Azərbaycan hökuməti daha diqqətlə prosesləri izləməlidir”.
Aynurə Pənahqızı Demokrat.az


