Gündəm Özəl

“Bu gün onların sayəsində Azərbaycan XXI əsrin yeganə qalib ölkəsidir”

“Bu gün onların sayəsində Azərbaycan XXI əsrin yeganə qalib ölkəsidir”

Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 23 il ötür. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri müstəsna rol oynayıb. Bundan başqa, Azərbaycan xüsusi təyinatlıları müxtəlif ölkələrin təlim mərkəzlərində keçirilən kurslarda iştirak edib və dəfələrlə ABŞ, Türkiyə və Pakistanda keçirilən yarışlarda yüksək nailiyyətlər qazanıblar.

Hərbi ekspert Ədalət Verdiyev Demokrat.az-a açıqlamasında Xüsusi Təyinatlı Qüvvələrin fəaliyyətini çox yüksək qiymətləndirib:

“İlk olaraq qeyd edim ki, bizim XTQ-lər 44 günlük Vətən müharibəsində fədakarcasına döyüşdülər. Onlar bir çox əməliyyatlarda ölümə gedərkən həm peşəkarlıq, həm də fədakarlıq nümayiş etdirdilər. Vətən müharibəsində qələbəmizin təmin olunmasında xüsusi təyinatlılarımızın müstəsna əhəmiyyəti oldu. Xüsusi Təyinatlı Qüvvələrimiz bizim görən gözümüz, vuran qolumuz, döyünən ürəyimizdir. Bütün rayonlarımızın azad edilməsində onlar ən aktiv şəkildə iştirak etdilər. Bu gün dünyanın bir çox orduları əlində olan silahları ilə öyündükləri halda, Azərbaycan xalqı Xüsusi Təyinatlıları ilə fəxr edir və onlarla qürur hissi duyur. Azərbaycanın hazırda əlində olan ən qiymətli çəkindirmə silahı məhz onun Xüsusi Təyinatlı Qüvvələridir. Xüsusi Təyinatlılarımız var olduqca, nə regionda, nə də ətrafda heç bir qüvvə Azərbaycana çəpgözlə baxa bilməz”.

“Bu gün onların sayəsində Azərbaycan XXI əsrin yeganə qalib ölkəsidir”

Ə. Verdiyev xüsusi təyinatlı qüvvələrə, onların təchizatına və komplektləşdirilməsinə, hərbi hazırlığına hər zaman xüsusi diqqət ayrıldığını qeyd edib: “Bu gün onlar ən mürəkkəb döyüş tapşırıqlarını icra etmək iqtidarındadırlar. Yenə də 2020-ci ildəki hərbi əməliyyatlara qayıtsaq, deyə bilərəm ki, ərazinin relyefi bizim üçün əlverişli deyildi. Bilirsiniz ki, Ermənistan tərəfi yüksəkliklərdə bütün əsas mövqeləri tutaraq möhkəmləndirilmiş bir neçə müdafiə xətti yaratmışdılar. Bu səbəbdən XTQ peşəkarlıq, iradə, güc və Vətən sevgisinin səbəb olduğu möcüzələr nümayiş etdirmişdilər. Qeyd edim ki, dövlətimiz də bu sahəyə daim diqqət ayırır".

"Bu gün Azərbaycan xalqının qalib xalq olmasında Xüsusi Təyinatları Qüvvələri mühüm rol oynayıb. Buna görə də, xüsusi təyinatlılarımıza təşəkkür edirik. Onların yaranmasının 23-cü il münasibətilə təbrik edirik. Şəhid olan xüsusi təyinatlılarımız və digər hərbi qulluqçularımız qarşısında baş əyirik. Allah ölənlərə rəhmət, qalanlara can sağlığı versin. Məhz onların sayəsində Azərbaycan bu gün XXI əsrin yeganə qalib ölkəsidir,”- deyə ekspert fikirlərini yekunlaşdırıb.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az