Xəbər verdiyimiz kimi,, Brüssel görüşündə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması yolunda mühüm addımlar atıldı. Ardınca prosesə start vermək üçün iki ölkə xarici işlər nazirlərinin telefon danışığı reallaşdı. N.Paşinyan özü parlamentdəki son çıxışında da sülh müqaviləsinin alternativinin olmadığını bəyan etdikdən sonra Ermənistanda müxalifətin fəallığı müşahidə edildi. Regionda sülhün olmasında maraqlı olmayan "Qarabağ klanı” və onun xaricdəki hamilərini Paşinyana qarşı yenidən aktivləşməyə cəhd edirlər. Maraqlıdır, Ermənistanda Paşinyana qarşı atılan addımlar onun devrilməsilə nəticələnə bilərmi?
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Nəsimi Şərəfxanlı Demokrat.az-a açıqlamasında bildirib ki, erməni revanşistlər bu şəkildə davam etsələr, Ermənistanın dövlətçiliyini ciddi təhlükələrə məruz qalacaq. O qeyd edib ki, əgər onlar yenidən bölgədə aktivləşsələr, o zaman daha ağır zərbə alacaqlar:
“Azərbaycanla Ermənistan arasında böyük sülh sazişi zamanın diktəsidir. Ancaq baş nazir Nikol Paşinyanın komandasından fərqli olaraq Ermənistanda radikal-revanşist qüvvələrin sülh anlaşması əleyhinə çıxışları ara vermir. Paşinyanı sülh sazişindən çəkindirən qüvvələr Ermənistan konstitusiysını əsas tutaraq «Ermənistan SSR və Dağlıq Qarabağın Ali sovetlərinin 1 dekabr 1989-cu il tarixli «Ermənistan SSR-in və Dağlıq Qarabağın birləşdirilməsi haqqında» maddələrini əllərində şüar ediblər. Amma siyasi reallıq bundan ibarətdir ki, erməni revanşistlər bu şəkildə davam etsələr Ermənistanın dövlətçiliyini ciddi təhlükələrə məruz qoyacaqlar. Ermənistanın yeganə çıxış yolu öz qonşularına - Azərbaycana, Türkiyəyə və Gürcüstana qarşı torpaq iddialarından əl çəkmək və bu ölkələrə düşmənçilik münasibətini dayandıraraq mehriban qonşuluq, tərəfdaşlıq əlaqələri yaratmaq, iqtisadi, ticarət əlaqələrini bərpa etməkdir. Ermənistanın radikal qüvvələri müharibədən nəticə çıxarmalıdırlar. Onlar bir qarış torpağımızı belə silah gücünə zəbt etmək fikrinə düşsələr, bu dəfə daha ağır zərbə alacaqlar”. Böyük güclərin marağına gəldikdə isə politoloq əlavə edib ki, ABŞ və Avropa münaqişənin tam həlli, sülh sazişinin imzalanmasına çalışdığı ortadadır:
“ Digər tərəfdə isə rus sülhməramlılarının separatçıları açıq dəstəklədiyinin şahidi oluruq. Kreml Qafqazda mövqelərini itirmək istəmir və Qarabağ bu məsələdə həlledici məqamdadır. Amma hazırki durum və proseslərin ehtimal olunan inkişafı Rusiyanın bölgədə təsir gücünü itirəcəyini göstərir. Buna görə yeganə mümkün yol Azərbaycanın tam ərazisində öz suverenliyini bərpa etməsi və Ermənistanın bununla barışmasıdır”.
Aynurə Pənahqızı Demokrat.az


