Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Prezidenti Vladimir Putin BMT-nin Baş katibi Antonio Quterreşlə görüşüb. Putin çıxışında Rusiya ordusunun Ukraynanın Buça şəhərində təxribatla üzləşdiyini və Buçada baş verənlərlə heç bir əlaqəsinin olmadığını vurğulayıb.
Məsələyə münasibət bildirən politoloq, keçmiş diplomat Fikrət Sadıqov Demokrat.az-a açıqlamasında deyib ki, Buça şəhərində qətliamın törədilməsi həqiqətən də böyük vəhşilikdir. Amma bu vəhşiliyin kim tərəfindən törədilməsini dəqiq söyləmək mümkün deyil və bunun üçün geniş araşdırılma aparılmalıdır:
“Təbii ki, hazırda xüsusi əməliyyat adı ilə Rusiya və Ukrayna arasında gərgin bir münaqişə gedir. Bilirik ki, çoxlu tələfatlar, itkilər, qaçqınlar var. Əlbəttə ki, Buça kimi şəhərdə bu cür qətliamın həyata keçirilməsi vəhşilikdir. Yəni, bunun kim tərəfdən törədilməsinin fərqi yoxdur. Bu, faktdır ki, böyük cinayət törədilib. Təbii ki, bunu bu başdan kiminsə boynuna qoymaq biz tərəfdən düz olmaz. İlk növbədə bunu araşdırmaq və sonda bir nəticəyə gəlmək lazımdır. Amma, bu, özü-özlüyündə münaqişənin nəticəsidir. Çünki münaqişə olmasıydı, bu soyqırım da olmazdı. Ona görə də, bütün proseslərdən dəqiq bir nəticə çıxarmaq üçün regionda olmaq lazımdır. Orada araşdırmalar aparıb və bir sıra faktlara əsaslanaraq qəti şəkildə günahkarın kim olduğunu demək olar. Biz Azərbaycan dövləti olaraq təbii kİ, çox təəssüf edirik ki, Ukraynada bu qədər dinc əhali, uşaqlar qırılır və insanlar qaçqın düşür. Bütün bunlar ağlasığmaz proseslərdir. Təbii ki, biz bu məsələdə müəyyən dərəcədə öz fikrimizi bildiririk, Ukraynaya humanitar yardımlar edirik. Ancaq biz sülh tərəfdarıyıq”.
Aynurə Pənahqızı Demokrat.az


