Gündəm Özəl

“Qarabağda gərginlik riskləri yenidən arta bilər” — ŞƏRH

“Qarabağda gərginlik riskləri yenidən arta bilər” — ŞƏRH

“Ermənistan Baş naziri Nikol Paşinyanın Moskva səfəri və Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra Azərbaycanla sülh sazişinin imzalanması perspektivi barədə əvvəlki açıqlamalarından fərqli fikirlər söyləməsi bir daha göstərdi ki, İrəvan xarici siyasət məsələlərində ardıcıl kursu təmin etmək iqtidarında deyil”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Zaur İbrahimli deyib. Politoloq qeyd edib ki, İrəvan Avropa İttifaqının vasitəçiliyi aparılan danışıqlar prosesində əldə olunmuş nəticələrə sadiqliyini qorumaq üçün yetərli qədər siyasi iradə nümayiş etdirə bilmir:

“Nikol Paşinyan Avropa İttifaqının təşəbbüsü ilə aprelin 6-da Brüsseldə Azərbaycan prezidenti ilə keçirilən görüşdə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini ləngidir. Bu isə ilk növbədə Nikol Paşinyanın sülh müzakirələrində nə dərəcədə ciddi tərəfmüqavili olması sualını meydana gətirir. Ehtimal etmək olar ki, hazırda İrəvan Bakı ilə yenidən üzərinə götürdüyü öhdəliklərin icrası üçün zaman verilməsini müzakirə edir.

“Qarabağda gərginlik riskləri yenidən arta bilər” — ŞƏRH

Görünən budur ki, Brüsseldə konkret öhdəliklər götürən və konkret addımlar atılacağı vədini verən Paşinyan mümkün təzyiqləri düz hesablamayıb, həmçinin öz imkanlarını düzgün qiymətləndirməyib. Bu məsələdə Paşinyanın artıq dəfələrlə müşahidə etdiyimiz ziddiyyətli xarakteri, məsuliyyəti öz üzərinə götürməkdən çəkinməsi də rol oynayır. Şübhəsiz ki, xarici təsirlər də öz rolunu oynayır və Moskvanın təsirini qiymətləndirməmək olmaz. Bununla belə, istənilən halda Ermənistan Baş nazirinin bu cür ziddiyətli mövqeyi sülh quruculuğu prosesinə mane olur, yenidən gərginlik risklərini artırır”.

Z.İbrahimli bu məsələdə Azərbaycanın mövqeyinin qəti olduğunu diqqətə çatdırdı:

“Sülh danışıqları Bakının təqdim etdiyi məlum 5 baza prinsipi əsasında aparılmalıdır. Bu mövqeyi Azərbaycan Prezidenti Şuşada keçirlən Dünya Azərbaycanlılaırnın “Zəfər” qurultayında bir daha bəyan etdi. Prezident İlham Əliyevin açıqlamaları N.Paşinyana ciddi xəbərdarlıq idi. Təbii ki, İrəvan prosesi uzatmaq istəsə, o zaman özünün ərazi bütövlüyü sual altında qala bilər”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az