“Zəngilana girmək istəyən erməni diversiya qrupu göstərmiş oldu ki, onlar məqsədyönlü və planlaşdırılmış şəkildə təxribat yönümlü fəaliyyət həyata keçirirlər”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib. Politoloq qeyd edib ki, ilin-günün bu vaxtı gücsüz Ermənistan ordusunun təxribatı bir sıra məntiqi sualları ortaya qoyur:
“Təbii ki, bu məsələdə bütün məsuliyyət Ermənistanın baş naziri Nikol Paşinyanın üzərinə düşür. Hazırda süh danışıqları ilə bağlı proseslərin getdiyi bir vaxtda delimitasiya və demarkasiya məsələsi əsas məqsədlərdən biri olmalıdır. Ancaq dünən baş verən təxribatlar onu göstərir ki, biz yaxın vaxtlarda tez-tez belə provakasiyalarla, lokal hərbi əməliyyatlarla qarşılaşa bilərik. Bu, Ermənistanın bir daha ikiüzlü siyasət apardığının göstəricisidir”.

Z.Məmmədov bildrib ki, Azərbaycan tərəfi bu təxribatlara qarşı hər zaman lazımi addımlar atacaq:
“Bundan sonra, Ermənistan bir daha qarşısına papağını qoyub düşünməlidir ki, İrəvan gələcəkdə nə etməyi planlaşdırır. Əgər doğurdan da bizim sərhədlərimiz Ermənistan tərəfindən şübhəyə salınacaqsa, Azərbaycanın təbii ki, görəcəyi bir çox hərəkətlər var. Biz bu dəfə tarixi Azərbaycan torpaqlarımızda ədaləti bərpa etmək niyyətinə düşə bilərik. Buna görə də, İrəvan öz addımlarında çox-çox diqqətli olmalıdır”.
Aynurə Pənahqızı Demokrat.az


