“Ermənistan sülh prosesini pozmağa və Brüsseldə əldə olunan razılaşmalara əməl etməməyə çalışır. Buna görə də, təxribatçı hərəkətlərdə birbaşa Ermənistanın siyasi-hərbi hakimiyyəti məsuliyyət daşıyır”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.
“Ayın sonunda sərhədlərin delimitasiya və demarkasiya ilə bağlı ikitərəfli komissiyasının yaradılması gözlənilirdi. Lakin bunun əvəzinə Ermənistan sərhəddə diversiya təxribatçı hərəkətlərə yol verir. Təbii ki, Azərbaycan bunun layiqli cavabını verdi və diversiya qrupu saxlanıldı. Göründüyü kimi, Ermənistan öz üzərinə götürdüyü öhdəliklərdən və proseslərdən açıq-aydın şəkildə yayınmağa cəhd göstərir. Digər tərəfdən burada Rusiyanın da fəaliyyətini istisna etmirəm”.

Politoloq bildirib ki, bu cür təxribatçı hərəkətlər davam edərsə, o zaman sərhəddə lokal toqquşmalar ola bilər:
“Bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin birbaşa telefon danışığı oldu və bu məsələ də müzakirə olundu. Görünür bu danışıqlar zamanı sərhədlərin delimitasiya və demarkasiya prosesi də reallaşıb. Amma, Rusiya prosesə mane olmaq üçün sabotaj addımlar atır. Məhz Brüssel görüşündən sonra Paşinyanın Moskvaya səfəri və ondan sonra bu kimi təxribatçı hərəkətlər də Rusiyanın planın tərkib hissəsidir. Amma Ermənistandan da çox şey asılıdır. Ermənistan siyasi iradə göstərməli və Brüssel vasitəsiləçiliyindən imtina etməməlidir. Bu kimi hallar davam edərsə, təbii ki, dövlət sərhəddində lokal hərbi toqquşmalar baş verə bilər. Bu da Ermənistanən əleyhinədir, çünk Azərbaycan bütün bu proseslərə hazırdır və bundan əlavə Azərbaycan diplomatik müstəvidə də Ermənistanın təxribatçı hərəkətlərinə qarşı Avropa İttifaqını məlumatlandırıb. Göründüyü kimi, prosesi pozan Ermənistan tərəfidir. Ermənistanın bu kimi təxribatlarının bütün istiqamətlərdə qarşısı alınacaq”. Aynurə Pənahqızı Demokrat.az


