Yeni Azərbaycan Partiyasının üzvü olan deputat Aydın Hüseynov da sabiq əmək və əhalinin sosial müdafiə naziri, Azərbaycanın Belarusdakı keçmiş səfiri Əli Nağıyevin YAP və ölkə başçısı ətrafında olan bəzi insanlar haqqında təhqiramiz ifadələr işlətməsinə cavab verib.
Aydın Hüseynov Demokrat.az-a açıqlamasında bundan təəssüfləndiyini bildirib.
“Bu gün kimsə Əli Nağıyevin YAP təşkilatlanmasındakı rolunu danmır. Elə ulu öndər Heydər Əliyev də onun bu əməyinə dəyər verib, etimad göstərərək yüksək vəzifələrə təyin etdi. Hətta Əli Nağıyev özü dəfələrlə bəyan edib ki, məni bu yüksək məqamlara çatdıran məhz Heydər Əliyev oldu. Amma indi Əli Nağıyev tamamilə fərqli mövqe sərgiləyir. Mükafatın əvəzi budurmu? Göstərilən etimadın müqabilində YAP üzvləri haqqında xoşagəlməyən ifadələr işlədəsən?! Bu onu deməyə əsas verir ki, Əli Nağıyevin YAP fəaliyyyətindəki məqsədi heç də partiyanın ali məramına xidmət etmək yox, öz şəxsi maraqlarını təmin etmək olub”.
Deputat deyib ki, indi YAP cəmiyyətdə böyük nufuza malik siyasi təşkilatdır və burada cəmiyyətin bütün təbəqləri təmsil olunub:
"Elə onların qınağı Əli Nağıyev üçün yetərlidir. 700 min YAP üzvü haqqında səsləndirdiyi fikir sadəcə partiyada qəzəb hissi doğurur və bu hərəkətinə görə onu qınayırıq".
Zaur Hacılı Demokrat.az


