“Dünya Azərbaycanlılarının V Qurultayının Azərbaycanın tarixi düşməni olan Ermənistan və onun havadarları üzərində qələbə qazanaraq, əzəli torpaqlarını işğaldan azad etməsindən sonraya təsadüf etməsi mühüm hadisədir. Nəzər alsaq ki, qurultay Şuşa ilində məhz azərbaycanlıların mədəniyyət paytaxtı olan Şuşa şəhərində qeyd edilməsi də böyük mədəni-siyasi-ictimai məna kəsb edir”.
Bunu Demokrat.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Ramid Hüseynov deyib. Politoloqun sözlərinə görə, qurultayın həm də Zəfər qurultayı adlandırılması dünya azərbaycanlılarında böyük bir qürur, iftixar hissini formalaşdırdı:
“Bu bütün dünyada yaşayan milyonlarla azərbaycanlının öz milli dövlətinə və dövlətçiliyinə olan güvənini, inamını artırmış oldu. Bu güvən onları daha sıx birləşməyə, bir-birlərinə dəstək olmağa, Azərbaycanın suverenliyinin möhkəmlənməsi, qüdrətlənməsi uğrunda bundan sonra daha da həmrəy olmağa cəsarətləndirdi. Amma Azərbaycanın öz ordusunun, cəsur hərbçilərinin mərdliyi sayəsində torpaqlarını işğaldan azad etməklə, suverenliyini bərpa etməsini, güclü bir dövlət kimi regionda mövqelərini möhkəmləndirməsini həzm etmək istəməyən qonşu dövlətlər şübhəsiz ki, Şuşa qurultayından ciddi narahatlıq keçirirlər. Çünki həmin ölkələrdə yaşayan azərbaycanlıların tarixi vətənlərinə, milli dövlətlərinə bağlılıqları vətəndaşı olduqları rejimləri ciddi düşündürür.

Xüsusilə də ölkə rəhbərliyinin vaxtaşırı Azərbaycanın tarixi torpaqları barədə səsləndirdiyi ifadələr də qonşu dövlətlərdə müəyyən mənfi reaksiyaya, aqressiyaya səbəb olur. Hətta qurultayın keçirilməsinin onlara qarşı yönəldiyini, onların təhlükəsizliyinə təhdid olduğunu belə ifadə edirlər”.
R.Hüseynov qeyd edib ki, bu, nə qədər qeyri-ciddi səslənsə də, amma bu cür bəyənatların təsadüfi olmadığı da anlaşılandır:
“Həmin ölkələrdə yaşayan milyonlarla azərbaycanlının Azərbaycanda baş verənlərə laqeyd qalmaması və milli dövlətləri üçün mübarizə aparmağa belə hazır olmaları qonşu rejimlər üçün ciddi sosial-siyasi problemlərə yol açacağı qorxusunu yaradır. Məhz azərbaycanlıların bir araya gəlmələri, vahid ideya, vahid məqsəd ətrafında birləşmələri təbii ki, narahatlığa səbəb ola bilər. Çünki 44 günlük Vətən müharibəsində dünya azərbaycanlıların milli dövlətləri üçün mübarizəyə qalxmaları açıq-aşkar hiss olundu. Buna baxmayaraq, Azərbaycan müasir dövrdə qonşularının BMT tərəfindən tanınmış suverenliyinə hörmətlə yanaşır, vaxtilə ona məxsus olmuş tarixi torpaqlarına belə iddialarla çıxış etmir, münasibətlərin dost və sülh şəraitdə yaşamasını hər zaman sözdə və əməlində göstərir. Keçirilmiş qurultayın, orda səslənən bəyənatların, ifadələrin mahiyyətində dövlətin mövcud strategiyasına, siyasi xəttinə zidd olmadığı açıq görünür”.
Aynurə Pənahqızı Demokrat.az


